Yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə proqram hazırlanır

Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi proqram hazırlanır və əsas istiqamətlər müəyyənləşdirilir.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, proqramda bölgələr üzrə yanğına məruz qalmış sahələr təsnifatlandırılaraq bərpa işlərinin ümumi istiqaməti müəyyənləşdiriləcək və görüləcək işlər öz əksini tapacaq.

“Proqram çərçivəsində ilkin olaraq yanğına məruz qalan sahələrin təmizlənərək meşəbərpa üçün hazır vəziyyətə gətirilməsi, şumlama işlərinin aparılması, çalaların qazılması, mümkün olan yerlərdə suvarma arxlarının çəkilməsi, daha sonra hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.

Xidmət rəsmisinin sözlərinə görə, səpində və əkində yerli meşə təsərrüfatlarının tinglik sahələrində tədarük edilmiş və yerli meşə şəraitinə uyğun Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, palıd və s. meşəcinsli toxumlardan və tinglərdən istifadə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.