Xocavənddə aşkarlanan kütləvi məzarlıq

Azərbaycan Respublik­asının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vasitəsilə 10 QHT rəhbərinin iştirakı ilə Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlığa səfər həyata keçirilib. Səfərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəri ictimai birliyinin sədri Mehdi Mehdiyevdə iştirak etmişdir. Səfər barəsində Vetennamine.az saytına aşağıdakı məlumatları vermişdir.
Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib. Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılmışdır. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir.

Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.

İnsanlıq və bəşəriyyət əleyhinə törədilmiş bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, QHT rəhbərləri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilmiş, aşkar olunmuş faktlar barədə onlara ətraflı məlumat verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.