XX əsrdə Azərbaycan xalqının üzləşdiyi müdhiş Xocalı faciəsi bəşər tarixinin ən qanlı hadisələrindən biridir. Ermənilər Xocalı faciəsini törətməklə xalqımızı qorxuya salmaq, onun döyüş əzmini qırmaq, tarixi torpaqlarımızın bir hissəsinin itirilməsi ilə barışmağımızı istəyirdilər. Ancaq məkrli düşmən məqsədinə nail olmadı. Xalqımız dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da fəallaşaraq, qəhrəmanlıq və şücaət göstərdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı alayı ilə birlikdə ermənilər Xocalı şəhərini işğal edərək, əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Onlar iki saat ərzində 50-dən artıq raket və tanklarla Xocalını durmadan atəşə tutaraq təlafatlar törətdilər.
Xocalı üç istiqamətdən hücuma məruz qaldığından əhali Qarqar çayına doğru meşələrə qaçmalı oldular. Qarqar çayı ilə Ağdam şəhərinə gedən dinc sakinlər erməni silahlıları ilə qarşılaşmışlar. Gecənin qaranlığında uşaqlar, qadınlar, qocalar şiddətli atəşə məruz qalıb, xüsusi amansızlıqla qətlə yetirilib.
Bir neçə ay mühasirədə qalan Xocalıya hücum nəticəsində şəhər bir gecədə yerlə-yeksan oldu. Dinc əhali amansızcasına məhv edilib, 613 nəfər öldürülüb, meyitlər murdar edilib, 1275 nəfər girov götürülüb. Girovlardan 150-nin taleyi hələlik məlum deyil. Qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın və 70 qoca var idi.
Xocalı soyqırımının baş verməsində xüsusilə, 366-cı alay çox böyük rol oynamışdı. Bu alay dəfələrlə Şuşa, Xocalı və Azərbaycan kəndlərini atəşə tutmuşdu. Təcili olaraq 366-cı alayı Xankəndindən çıxartmaq da bu alayın Xocalı faciəsində iştirakını isbatlayır.
Xocalı şəhərində törədilmiş vandalizm aktlarının əsas günahkarları Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş erməni silahlı birləşmələrinin üzvləri və 366-cı motoatıcı alayın şəxsi heyətidir.
Öz doğma yurd-yuvasından didərgin düşmüş Xocalı sakinləri Ermənistanın Azərbaycana təcavüzünün dəf edilməsinə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, ölkənin ərazi bütövlüyünün bərpasına ümidlə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə və beynəlxalq təşkilatlara müraciətlə ədaləti və həqiqəti müdafiə etməyə, Xocalıda törədilmiş terror və etnik təmizləmə faktlarını pisləməyə çağırırlar.
Xocalı soyqırımını törədənlər, təşkilatçılar və icraçılar cəzalandırılmalıdır. Təəssüf ki, 20-ci əsrdə bir çox soyqırım və etnik təmizləmə hadisələri baş vermişdi. Onlardan ən dəhşətlisi Xocalı faciəsi idi. Bu hadisələrdə hər hansı payı olanlar bir gün gələcək tarix məhkəməsi qarşısında cavab verəcəklər.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti