Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək birincilikdə müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 7 komanda mübarizə aparacaq.
Birinciliyin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edənlər Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadasının idarə etdiyi voleybol üzrə ordu birinciliyi noyabrın 18-dək davam edəcək.
Yekunda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.
Vətən Naminə Mətbuat Xidməti