VETENNAMİNE.AZ xəbər verir ki, Vətən müharibəsinin Bağbanlar kəndindən “Qarabağ ordenli” şəhidimiz Əmənov Məhəmməd İltizam oğlunun şəhadətinin 3-cü ildönümü ilə əlaqədar ailəsi və məzarı ziyarət olundu.
Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, AzQMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin nümayəndəsi mayor Vasif Rzayev, Kikbiksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidov, şəhid valideynləri, qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
İştirakçılar qəhrəman şəhidimizin ruhuna dualar oxumuş, valideynlərinə başsağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Əmənov Məhəmməd İltizam oğlu 18 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Bağbanlar kənd tam orta məktəbində təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmayaraq, gizirlik kursunu oxuyub. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarda vətənə min bir həvəslə xidmət etməyə başlayıb. 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak etmişdir.
Vətən Müharibəsində döyüşlərdə iştirak etmiş, Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Ağdərə rayonu uğrunda gedən döyüşlərdə tank komandiri olaraq rəşadət göstərərk, qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəmməd Əmənov 20 oktyabr 2020-ci ildə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Müzəffər Ali Baş Komandan tərəfindən şəhid Əmənov Məhəmməd İltizam oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev