Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, vətən qarşısında xidmətlərindən və müstəqillik dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq, yenə də az olar. İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ulu öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Onun bənzərsiz xidmətləri, milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki mərhələni – həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmış, yaranmış vəziyyətdən sui – istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb. Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı “Əsrin müqaviləsi” milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə Azərbaycan 44 gün ərzində illərdir düşmən tapdağında qalan tarixi torpaqlarını geri qaytardı. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Atayeva Günay