ÜDM (Ümumi daxili məhsul) nədir?

Ümumi daxili məhsul (Gross Domestic Product, GDP) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və ara məhsullarına bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə istehlak üçün gedən və növbəti emal və satış üçün nəzərdə tutulmayan son məhsuldur. Ara məhsul ( intermediate goods) sonrakı istehsal və satış prosesinə göndərilən məhsuldur. Ara məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də ara məhsul ola bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur, belə ki, emal ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.

ÜDM-ə yalnız son məhsulun daxil edilməsi ikiqat (təkrar) hesabdan ( double accounting) qaçmağa imkan verir.

ÜDM-nin hesablanmasında bir neçə üsuldan istifadə olunur.

ÜDM hesablanmasının gəlirlər üsulunda istehsal olunan məhsul və xidmətlərin istehsalçıları arasında bölüşdürülən ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin məbləği toplanır.

Gəlirlər üsulu ilə ÜDM aşağıdakı kimi hesablanır:

İşçilərin əmək haqqı ödənişləri + müəssisələrin əməliyyat qalığı, o cümlədən amortizasiya = faktor dəyəri üzrə ÜDM + subsidiyaları çıxmaqla mallar üzrə vergilər = bazar qiymətləri üzrə ÜDM +xaricdən əldə olunan xalis gəlirlər = ümumi milli gəlir (ÜMG) + xalis mövcud xarici transfertlər = mövcud milli gəlir (MMG) – amortizasiya (a) = xalis mövcud milli gəlir (XMMG)

ÜDM-dən istifadə edilməsi (xərclər üsulu) mal və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsini, habelə mal və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.

Dünyanın ÜDM-u 2008-ci il üçün 68999 mlrd. USD təşkil etmişdir. Ən böyük ÜDM isə ABŞ, 14264 mlrd. USD. Adambaşına düşən ÜDM-a görə ilkin yerləri Qətər və Lüksemburq tutur, ~80000 USD. ÜDM-da vətəndaşların sosial tələbləri (ədalətlilik dərəcəsi – hər bir sahədə, sığorta, sabitlik, havanın, suyun və yemək məhsullarının keyfiyyəti, istirahət üçün şərait və s.) nəzərə alınmadığına görə, adambaşına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. ÜDM-in göstəricisi iki növ ola bilər:

Nominal (cari dövrün qiymətlərində hesablanır).

Real (müqayisəli əvvəlki dövrün qiymətləri ilə hesablanır). Müqayisə üçün bir əvvəlki ilin qiymətləri alınır.

Həqiqi ÜDM-in hesablanması bu göstərici üzrə artan qiymətlərin təsirini və dövlət iqtisadiyyatının xalis artımını müəyyənləşdirməyə imkan verir.

 

Hazırladı

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.