Turizm sənayesinin inkişafında bələdçilərin rolu

Müasir turizm sənayesi dünyada ən dinamik inkişaf edən yüksək gəlirli sahələrdən biri sayılır. Dünya üzrə məşğulluğun 10 faizini təşkil edən turizmdə iş yerlərinin sayı 200 milyondan çoxdur. Proqnozlara görə 2022-2023-cü illərdə ümumi gəlirin 3 trilyon dollar olacağı ehtimal edilən bu sənayedə turizm bələdçilərin üzərinə böyük öhdəliklər və məsuliyyət düşür. Belə ki, turizmin regionda inkişafı güclü infrastrukturun qurulması, müasir hotellərin və istirahət mərkəzlərinin tikilməsi ilə yanaşı regiona səfər edən turistlərin yüksək səviyyədə qarşılanması və onlara lazımi keyfiyyətdə xidmətin göstərilməsi ilə bir başa əlaqəlidir. Bu baxımdan xidmət sahəsində bələdçi-təlimatçıların peşəkarlığı, onların dünyagörüşü, bilik səviyyəsi və insanlarla ünsiyyət qurmaq bacarığı nəticə etibarilə turizm məhsulunun ümumi keyfiyyətinə, bölgənin turizm imicinə və dolayısıyla onun sosial, mədəni və iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

“Cənub Mirvarisi” turizm şirkətinin rəhbəri Samir Axundov Vetennamine.az saytına bu sahənin inkişafını və eləcə də coğrafi mövqeyi, zəngin təbiəti, iqlimi və milli folklorun müxtəlifliyi baxımından turistlər üçün bütün təbii imkanlara sahib cənub bölgəsində bələdçi xidmətinə olan tələbatı nəzərə alaraq Lənkəran şəhərində Korporativ Sosial Məsuliyyət anlayışı içərisində keçirmiş olduqları təlimlə bağlı məlumat verib.

O qeyd edib ki, bu təşəbbüs zamanı 40-dan çox gəncə Lənkəran şəhərində mütəxəssis tərəfindən 3 gün müddətində (2 gün nəzəri və 1 gün praktiki olmaqla) təlim keçirilmiş, onlara bələdçiliyin əsasları, bir biznes fəaliyyəti kimi inkişafı, bölgənin inkişafındakı rolu və s. kimi mövzularda təməl biliklər verilmişdir. İştirakçılar öncədən keçirilən sorğu əsasında seçilmiş və seçimlər zamanı üstünlük daha çox turizm sahəsində nəzəri biliklər alan tələbələrə və iş axtarışında olan gənclərə verilmişdir.

Tədbirin keçirilməsində məqsəd Cənub bölgəsində yaşayan maddi gəlirləri aşağı gənclərin turizm bələdçiliyi sahəsində məlumatlılığını artırmaq və rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq yoluyla bölgədə işsizlik probleminin həllinə dəstək olmaq və dolayısıyla bölgədə turizmin inkişafına imkanlar yaratmaqla bölgənin sosial-mədəni və iqtisadı inkişafına dəstək olmaqdır.

S.Axundov onu da bildirib ki, bu tədbir ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Eyni zamanda layihənin icrasına Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) texniki və təşkilatı dəstək göstərmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.