Trans yağ – doymamış yağ turşularına verilən ümumi addır. Termin ikiqat karbon-karbon bağının konfiqurasiyasına aid olduğundan, trans yağlar bəzən monodoymamış və ya çoxlu doymamış yağlar da ola bilər, lakin heç vaxt doymuş yağlar ola bilməz.
Trans yağlar həm təbii şəkildə heyvan orqanizmində, həm də sənayedə istehsal oluna bilər. Təbii olaraq istehsal edilən trans yağlar bəzi heyvanların həzm sistemindəki bakteriyalar tərəfindən sintez olunur. Heyvan mənşəli qidalarda olan trans yağlar az miqdarda olur və sağlamlıq üçün ciddi təhlükə yaratmır. Süni şəkildə istehsal olunan trans yağlar maye bitki yağlarını hidrogenlə daha bərk hala gətirməklə əldə edilir.
Sənaye trans yağları sağlamlığa çox zərərlidir. Məlumdur ki, qablaşdırılmış məhsullarda və bir çox müxtəlif təyinatlı hazır qidalarda rast gəlinən bu yağın həddindən artıq istehlakı ağır nəticələrə səbəb ola biləcək xəstəliklərə gətirib çıxardır.
Trans yağ niyə istifadə olunur?
Trans yağlar ucuz, istifadəsi asan və xarab olmadan uzun müddət dayana bilən yağ növüdür. Yeməklərə gözəl dad verir və tez xarab olmasının qarşısını alır. Bu üstünlüklərinə görə qablaşdırılmış qidaların saxlama müddətini uzatmaq üçün istifadə olunur.
Restoranlarda xüsusilə qızartma yağı kimi tez-tez istifadə olunan yağdır. Dəfələrlə istifadə oluna bildiyi üçün hazır yemək sektorunda üstünlük verilir. Xərc və uzunömürlülük baxımından sərfəli qida olsa da, istehlakçıların sağlamlığını ciddi şəkildə riskə atan trans yağların qida sektorunda istifadəsi bir çox ölkə tərəfindən məhdudlaşdırılıb.
Qida sənayesində ən yüksək trans yağ tərkibli qidalar: marqarin, çörək və tort kimi un məhsulları, popcorn, dondurma, kartof və toyuq qızartması kimi hazır yeməklər.
Trans yağın zərərləri nələrdir?
- Həddindən artıq trans yağ istehlakı ürək xəstəliyi riskini artırır. Trans yağları yüksək olan qidaları yemək bədəndə LDL (pis xolesterin) və HDL (yaxşı xolesterin) arasındakı tarazlığı pozur. Bu ürək xəstəlikləri üçün mühüm risk faktorudur. Koronar arteriya xəstəliyi və infarkt kimi ürəklə əlaqəli xəstəliklərin ehtimalını artırır.
- Trans yağlarla zəngin qidalar yemək 2-ci tip diabetin inkişafı üçün risk faktorudur.
- Trans yağların həddindən artıq istehlakı bədəndə iltihabın artmasına səbəb olaraq xroniki xəstəliklərin əmələ gəlməsində rol oynaya bilər.
- Trans yağlar damarların ən daxili təbəqəsinə ziyan vuraraq damar quruluşunu poza bilər. Bu pisləşmə nəticəsində damarların genişlənməsi baş verə bilər.
- Trans yağların bəzi xərçəng növlərinin inkişafına səbəb olduğunu göstərən araşdırmalar da var.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti