Tovuz döyüşləri şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın hərb tarixində müstəsna yeri olan Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində, eləcə də Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində silsilə tədbirlər həyata keçirilir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.

Şəhidlərin məzarları və ailələri ziyarət olunur, bu döyüşlərin Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müstəsna əhəmiyyəti geniş qeyd edilir.
Müdafiə Nazirliyinin, Abşeron və Xətai rayon İcra Hakimiyyətlərinin rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri İkinci Şəhidlər xiyabanına gedərək Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, o cümlədən  respublikamızın ərazi bütövlüyünün bərpası,  tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.
Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Çıxış edənlər şəhidlərin ölməzliyindən danışıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağına əmin olduqlarını qeyd ediblər.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.