Vetennamine.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Müşavirədə Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları və bələdiyyələr iştirak ediblər.
Zona müşavirəsində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyalarının əsas prioritet hədəflərinə nail olunmasında ölkənin mühüm təbii və iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Müşavirənin məqsədi torpaqların və dövlət əmlakının idarəedilməsi, istifadəyə verilməsi və onların mühafizəsi istiqamətlərində Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Xidmətin fəaliyyəti barədə rayonların icra hakimiyyəti, digər dövlət qurumları və bələdiyyələrə məlumatın verilməsi, mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsindən ibarətdir.
Sonda müşavirədə toxunulan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Atayeva Günay