Torpaqda çirkləndirici maddələrin toksiki təsirinin zəifləməsi və yaxud tamamilə ləğv olunması istiqamətində baş verən proseslərin məcmuyi torpağın özünü təmizləməsi (detoksikasiyası) adlanır. Bu prosesi şərti olaraq 3 növə ayırmaq olar:
- Fiziki özünü təmizləmə – torpaqda qaldığı müddətdə heç bir kimyəvi dəyişikliyə uğramayan maddələr üçün səciyyəvidir. Fiziki detoksikasiyada əsas rol torpağın qranulometrik tərkibinə məxsusdur (ağır və yüngül torpaqlar). Kimyəvi tərkib ikinci dərəcəli rol oynayır. Fiziki özünü təmizləmədə filtrasiya, həllolma və digər fiziki proseslərin əhəmiyyəti böyükdür.
- Bioloji özünü təmizləmə (detoksikasiya)- torpaqda metabolizm (yunanca metabole- dəyişmə, çevrilmə), sorbsiya və maddələrin biodeqradasiyası kimi proseslərin məcmusu kimi başa düşülməlidir. Belə ki, asan mənimsənilən və biogen mənşəli maddələr bioloji dövrana daxil olur və əgər həmin maddələrin miqdarı yüksək deyildirsə metabolik proseslər tərəfindən nizamlanır. Kimyəvi baxımdan passiv maddələr bioloji adsorbsiyaya məruz qalır ki, sonrakı mərhələdə də həmin maddələrin fiziki detoksikasiyası baş verir.
- Kimyəvi özünü təmizləmə- kimyəvi çirkləndirici maddələrin kimyəvi komponentləri ilə reaksiyaya girməsi (məsələn, hidroliz, oksidləşmə, reduksiya, kimyəvi sorbsiya və s.) nəticəsində baş verir. Bu proses torpağın uducu kompleksinin və humusun tərkibindən çox asılıdır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti