Tərtər rayonunun müdafiəsi

Bugünki müsahibimiz hərbi ekspert-Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Mehdi Mehdiyevdir.
– Mehdi müəllim, bizə müsahibə verdiyiniz üçün minnətdarlığımızı bildiririk. Siz xidmət dövrünüzün 1992-1994-cü illərində Tərtər rayonunun müdafiəsinin təşkil edilməsində bilavasitə iştirak etmisiniz. Xahiş edərdik bu sahədə bizə qısa bir məlumat verərdiniz.
-Azərbaycan Silahlı Qüvvələri yarandıqda Tərtər rayonunun müdafiəsinə N saylı hərbi hissə cavabdehlik daşıyıb. Mən də həmin hərbi hissənin mühəndis-xidməti vəzifəsinə təyin olunmuşam. Təyin olunduğum gündən istər hərbi hissənin rəhbərliyi, istərsə də Rayon rəhbərliyi tərəfindən biz Tərtər rayonunun müdafiəsinin təşkili barədə təxirəsalınmaz tədbirlər həyata keçirirdik, müzakirələr aparıb Tərtərin bir qarışda olsa torpağının düşmənə verilməməsi haqqında qərarlar qəbul edirdik. Məhz müdafiənin mühəndis cəhətdən düzgün təşkil edilməsi, o cümlədən də vətənpərvər sakinlərin bizə dəstək verməsi nəticəsində Tərtər rayonunun bir qarış da olsa torpağı düşmənə verilmədi, əksinə işğal altında olan Ağdərənin bəzi kəndləri düşməndən azad edildi.
– Mehdi müəllim, bəs atəşkəs rejimində Tərtərin müdafiəsi üçün hansı işlər həyata keçirilir?
-Atəşkəs dövründə bilirsiniz ki, Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra bir neçə uğurlu hərbi əməliyyatdan sonra ermənilər atəşkəs rejiminə imza atmaqa məcbur oldular. Bu atəşkəs rejimində istər silahlı qüvvələrin inkişafına, istərsə də Tərtər rayonunun, o cümlədən, düşmənlə üzbəüz olan rayonların müdafiəsinə xüsusi önəm verildi. Tərtər rayonunun müdafiəsi məhz döyüş nizamnaməsinə, o cümlədən də ərazinin xüsusiyyətlərindən istifadə etməklə düzgün təşkil edildi. Buna görə də atəşkəs rejimi zamanı da düşmənin həmin istiqamətdə ərazilərimizə keçmə ehtimalı müəyyən dərəcədə azalmışdı.
– Mehdi müəllim, 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçməsi nəticəsində düşmən yenə də Tərtər rayonu istiqamətində hücumlarını davam etdirdi, o cümlədən, mülki əhaliyə böyük itki verdi. Buna baxmayaraq, Tərtər sakinləri rayonu tərk etmədi, əksinə əsgərlərimizə dəstək verdilər. Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, Siz doğru buyurursunuz, 44 günlük savaşda düşmən yenə də çirkin əməllərinə əl ataraq mülki əhaliyə itkilər vermək istiqamətində işlər apardı, artilleriya mərmiləri insanların yaşadıqları evlərə atılırdı. Buna baxmayaraq, Tərtər sakinlər nəinki rayonu tərk etmək, əksinə əsgərlərimizin daima yanında olmağa və onlara dəstək olmağa çalışırdılar. Bunun nəticəsində əgərlərin vətənpərvərlik ruhu yüksəlirdi və düşmənə amansız zərbələr endirməyə çalışırdılar. Mən deyərdim ki, hərbi birləşmələrin qarşısında qoyulan tapşırıq uğurla həyata keçirildi.
– Mehdi müəllim, gənclərimizə nə tövsiyyə edərdiniz?
-Azərbaycan gənci həqiqətən də vətənpərvər gənclərdir, onlar bunu öz əməlləri ilə istər 44 günlük savaşda, istərsə də 2016-cı ildəki Aprel döyüşlərində ordumuza dəstəkləri ilə sübut etdilər. Bu gün də bizim gənclərimiz ölkəmizin inkişafı ilə yanaşı ordumuzda da vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində əməli işlər görürlər. Bu işdə mən gənclərimizə uğurlar arzulayıram.

Hazırladı
Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.