Suda xəstəliktörədən mikroorqanizmlərin və virusların olması onu təsərrüfat məqsədləri və içmək üçün yararsız hala salır. 1 ml kəmər suyunda saprofit bakteriyaların sayı 100 kl. çox olmamalıdır, kolitiri 300-dən az, koliindeksi 3-dən çox olmamalıdır.
Xəstəliktörədən mikroorqanizmlərdən suyun zərərsizləşdirilməsi xlorlama, ozonlaşdırma, ultrabənövşəyi şüalanma ilə aparılır. Ən çox yayılan üsul suyun maye və ya qazşəkilli Cl2, hipoxloridlərlə NaClO, Ca(ClO)2 ilə xlorlanmasıdır. Xlor su ilə qarşılıqlı təsirə girərək HClO və HCl əmələ gətirir. pH˃4-də sərbəst Cl2 praktiki olaraq olmur, pH˃5,6 HClO H+ və ClO- dissosiasiya edir. dissosiasiya olunmamış HClO bakterisidliyi ClO- nisbətən 70-80 dəfə çoxdur. Suyun xlorla zərərsizləşdirilməsi zamanı halogensaxlayan birləşmələr (HSB) əmələ gəlir. Içməli suda bir neçə yüz belə birləşmələr aşkar edilmişdir ki, bu da əhalinin sağlamlığı üçün risk faktoru statusunu almışdır. ÜST göstəricilərinə əsasən sağlamlığa 19 HSB ziyanlı təsir göstərə bilər ki, onların da arasında ən təhlükəlisi trihalometanlar, ən çox da xloroformdur.
Xlorlama nəticəsində yaranan HSB-in böyük hissəsi nisbətən kəskin toksiki xassəyə malik olan birləşmələrə aid edilir (LD50-1000-5000 mq/kq). Lakin bəzi HSB yüksək və hətta fövqəladə zəhərli maddələrə aid edilir. Onlara trixlorasetonitril (LD50-245), xlorasetaldehid (LD50-89), 1,3-dixlorpropanon (LD50-25), sian xlorid (LD50-6 mq/kq). HSB xroniki zəhərliliyi ümumilikdə nisbətən orta zəhərliliklə ifadə olunur, onların təsir etməyən qatılığı 0,01-0,2 mq/l təşkil edir. HSB kumulyativ göstəricilərə əsasən yüksək təhlükəli maddələrə aid edilir. HSB ümumi olaraq orta zəhərliliyi müxtəlif effektlərə səbəb olur (reproduktiv funksiyaların pozulması, mutagen və kanserogen effektlər). Insan üçün həqiqətən də kanserogen effektə malik olan xloroform, bromdixlormetan, karbon dörd xlorid, 2,4,6 trixlorfenoldur. Hazırkı dövrdə suyun xlorlanması ilə xərçəng xəstəliyinin yaranması arasında sıx əlaqənin olmasına aid xeyli sayda dəlillər toplanmışdır. Suyun xlorlanması zamanı yaranan karbon dörd xlorid və xloroform su mühitində yüksək stabildir və bioparçalanmaya qarşı davamlıdır. Xloroform demək olar ki, hidrolizə uğramır, 25°C-də onun yarımparçalanma dövrü bir neçə yüz il təşkil edir. Xloroform, CCl4, bromdixlormetan balıqlarda, onların yaşadığı sudakı qatılığına nisbətən 10-20 dəfə çox qatılıqda toplanır. Xlorlanmanın bəzi uçucu məhsulları sudan havaya asanlıqla keçir ki, bu da onların təhlükəliliyini dəfələrlə artırır. Xüsusən də xloroform hovuzların hava məkanında, atmosfer havası üçün maksimal qatılığından iki dəfə çox miqdarda toplanır. Xloroform və karbon dörd xlorid sudan asanlıqla zədələnməmiş dəriyə elə keçir ki, bu da yeni doğulmuş körpələr və azyaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Qapalı üzmə hovuzlarında insan bədəninə daxil olmuş bütün xloroformun 76-78% havadan, 22-24 % dəri vasitəsilə keçir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti