Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin birgə məlumatı

2 iyul – “Azərbaycan Polisi Günü” münasibətilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə Xəzər dənizinin sahil akvatoriyasında və daxili su hövzələrində təmizlik aksiyalarını, nəzarət və maarifləndirmə tədbirlərini davam etdirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a verilən məlumata görə, kompleks tədbirlər, həmçinin iyunun 29-da Aşqabad şəhərində keçirilmiş VI Xəzər Sammitində müzakirə olunan dəniz bioresurslarının qorunub saxlanması, səmərəli istifadəsi sahəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin formalaşdırılması işinə töhfə vermək məqsədi daşıyıb.

Aksiyalar çərçivəsində Xəzər dənizi akvatoriyasının sahilboyu ərazilərindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər daxili su hövzələrinin mühafizə zolağından 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4200 metr uzunluğunda sintetik tor yığışdırılaraq tullantı poliqonlarına daşınıb.

Balıqların kürütökmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilmiş moratoriumun qüvvədə olduğu nəzərə alınaraq sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər arasında maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri barədə izahat işləri həyata keçirilib.

Qeyd edək ki, ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə təkcə son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.

Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda su hövzələrini çirkləndirməməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.