Soyuq su içmə, xəstələnəcəksən. Tərləyəndə soyuq su içmə, xəstələnərsən. Boğazın ağrıyanda soyuq su içmə, daha da pisləşəcək. Soyuqda çox qalmaq səni xəstə edəcək. Bu tip cümlələr çox eşitmisiniz. Bu fikirlər nə qədər doğrudur?
Soyuq və ya isti hava bəzən xəstəliklərə yol açan, xəstəlik törədən bakteriya və virusların işini asanlaşdıran amillər ola bilər. Bəzi tədqiqatlarda soyuqdəymə və infeksiyalar arasında əlaqə müəyyən edilmişdir.
Lakin, araşdırmaların böyük əksəriyyəti soyuq içkilərin və ya soyuq mühitlərdə qalmağın birbaşa xəstəliklərlə əlaqəli olmadığını göstərir. Üstəlik, soyuğa məruz qalan hər kəs xəstələnmir, hətta bəzi hallarda soyuğa məruz qalmanın müdafiə sistemini gücləndirə biləcəyi dəfələrlə sübut edilmişdir.
Məşhur alim Lui Paster tərəfindən 19-cu əsrdə inkişaf etdirilən və təkmil versiyası hələ də yeganə güclü nəzəriyyə kimi istifadə edilən mikrob nəzəriyyəsinə görə xəstəliklərdən məsul olan mikroskopik orqanizmlərdir. İsti və ya soyuq kimi fiziki faktorlar xəstəliklərin birbaşa səbəbi ola bilməz. Odur ki, tərləyəndə soyuq su içmək, tərləyərək çölə çıxmaq, soyuq mühitdə qalmaq xəstələnmənin əsas səbəbi deyil.
İddia olunanlar xəstəliyimizin əsas səbəbi olmasa da, unutmaq olmaz ki, xəstəliyin əsas səbəbi olan mikroblar ətrafımızdadır. Biz hər an ətrafımızda milyardlarla mikroskopik canlı ilə yaşayırıq və müdafiə sistemimiz onlarla daim mübarizə aparır. Bununla belə, bəzi hallarda müdafiə sisteminiz mikroblarla mübarizə aparmaq üçün zəif və ya qeyri-kafi ola bilər. Bu zaman “xəstəlik” baş verir. Beləliklə, əgər siz xəstə olmusunuzsa, bunun səbəbi çox güman ki, mikroskopik varlıqdır (bakteriyalar, viruslar, göbələklər, prionlar, protozoa, bəzi çoxhüceyrəlilər və s.). Soyuq hava və ya soyuq yemək və içmək deyildir.
Bununla belə, isti və ya soyuq mühitlər müdafiə sistemimizin və bədənimizin işinə təsir edərək xəstələnmə ehtimalımızı dəyişə bilər. Ancaq bu təsir “Soyuqlara məruz qalma həmişə müdafiə sistemini zəiflədir” bir istiqamətli deyil. Soyuq bəzi hallarda müdafiə sistemini zəiflədə bilsə də, digər zamanlarda müdafiə sistemini gücləndirə bilər. Üstəlik, bu zəifləmə və ya gücləndirici təsir əhəmiyyətsiz səviyyədə ola bilər.
Məsələn, 2005-ci ildə aparılan bir araşdırmada tədqiqatçılar 90 insanın ayaqlarını hər gün 20 dəqiqə donmağa yaxın (0 dərəcəyə yaxın) suda saxladılar. Digər 90 nəfər bunu etmədi, ancaq boş qaba ayaqlarını soxaraq 20 dəqiqə gözlədi. Bu arada, təcrübəçilərin bədən istiliyinin paylanması və qan axını izlənildi. 5 gün davam edən təcrübənin sonunda ayaqlarını soyuq suya qoyanların 29%-də, ayaqlarını boş qaba qoyanların 9%-də soyuqdəymə əlamətləri müşahidə olundu. Aradakı fərq əhəmiyyətli görünsə də, bu simptomların hətta ayaqlarını boş qaba qoyanlarda da müşahidə edildiyini nəzərə alaraq, tədqiqatçılar bu nisbət fərqinin soyuq şəraitdə qalma ilə xəstəlik arasında bir əlaqə olduğunu təsdikləyəcək qədər yüksək olmadığı qənaətinə gəldilər.
Soyuqluğun xəstəliyə necə yol aça biləcəyini anlamaq üçün soyuqda bədənimizin fiziologiyasının necə dəyişdiyinə baxmaq lazımdır. Soyuğa məruz qalan orqanizmimizdə ilk reaksiya damar daralmasıdır. Bunun səbəbi, bədən səthinə qan axını yavaşlatmaqla, konveksiya ilə baş verən istiliyin ayrılmasını azaldır. Yavaşlayan qanın təzyiqi yüksəlir, onun axıcılıq müqaviməti artır, daha qalın və yapışqan olur və daha asan laxtalanır. Nəticədə əzalarınız, xüsusən də əlləriniz və barmaqlarınız ağarır; çünki dəriyə rəng verən qan azalır. Bu qan bədənin həyati orqanlarına, məsələn, ürəyə yönəldilir. Məqsəd bu həyati orqanları soyuqdan qorumaqdır. Bu proses zamanı üzünüz soyuqdan qırmızıya dönə bilər. Bunun səbəbi üzünüzdə qanın miqdarının artması deyil, üzə səpələnmiş kapilyarların daralması zamanı çatlayaraq qanın əzələ toxumasına sızmasına səbəb olur.
Burada qanın azaldığı bölgələrdə bakteriya kimi patogen (xəstəlik törədən) elementlər varsa, patogenlər daha asan çoxalır və xəstəlik əmələ gələ bilər, çünki o bölgədə kifayət qədər ağ qan hüceyrələri yoxdur. Buna görə də, bizi xəstə edən bu patogenlərdir. Soyuq mümkün vasitəçilərdən biridir. Soyuqda müdafiə sistemi daha yavaş işləyir. Bu, soyuğun bizim xəstələnməyimizə necə yol aça biləcəyini göstərir.
Başqa bir araşdırmada alimlər soyuq hava ilə deyil, havanın temperaturundan tam asılı olmayan “rütubət” halının, daha dəqiq desək, “rütubətsizlik”in (quru hava) canlıları daha çox xəstə edə biləcəyini ortaya çıxarmışlar. Ancaq yenə də quru hava xəstəliyin əsas səbəbi deyil, yalnız xəstəliyə yol açır. Quru havalarda burun boşluğunda selikli qişa quruyur. Beləliklə, burundan nəfəs alarkən tutularaq zərərsizləşdirilə bilən virus və bakteriyalar effektiv şəkildə dayandırıla bilmir. Bu, xəstələnmək şansımızı dəfələrlə artırır. Amma müdafiə sistemimiz kifayət qədər güclü olsa, bu problem aradan qalxar. Ancaq məsləhətimiz soyuq havalardan deyil, quru havadan uzaq durmaqdır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti