SOSİAL SAHİBKARLIĞIN İNKİŞAFI VƏ PERSPEKTİVLƏRİ

Sahibkarlıq və sosial sahibkarlıq anlayışları müxtəlif üsullarla   müəyyən edilsə də, nəticə olaraq ehtiyaclarını ödəmək üçün təşəbbüs göstərən insanları sahibkar kimi xarakterizə etmək olar. Bu fəaliyyət iqtisadi məqsədlər üçün kommersiya müəssisəsi yaratmaqdan, sosial fayda vermək üçün isə sosial müəssisə yaratmaqdan ibarətdir. Əhəmiyyətli olan odur ki, sahibkar risk və ya təşəbbüs göstərərək məhsul yaratsın. Buna görə də sahibkarlığın tarixini bəşəriyyətin tarixi qədər qədim olduğunu söyləmək olar.

Sosial sahibkarlıq konsepsiyası

Birincisi, XXI əsrin ikinci onilliyində sosial müəssisələr və sahibkarlıq gündən-günə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi sosial müəssisələrin mənfəətli sahibkarlıq müəssisələrinə alternativ olaraq özünü təmin etməsi və maliyyə baxımından gəlirli olmasıdır.

İkincisi, şahidi olduğumuz informasiya və sosial paylaşmalarından uğurla istifadə edən sosial sahibkarlar başgicəlləndirici sürətlə sosial dəyişikliyə səbəb ola bilirlər.

Üçüncüsü, biz sosial müəssisələrin sahibkarlar tərəfindən təklif olunan yeniliklərini necə dəstəkləyib təşviq edə biləcəyimizi başa düşdükcə, cəmiyyəti yaxşılığa doğru apara bilərik. Keçmişimiz bizə dövlətlərin əldə edə biləcəyi şeylərin sərhədlərini, bazarlarda isə daxili məhdudiyyətlərin və ziddiyyətlərin olduğunu öyrətdi. Bu mənada sosial müəssisələr imkansız insanların ehtiyaclarının ödənməsinə çatmasını, ətraf mühitin isə qorunmasını təmin edə bilər.

Sosial sahibkarlıq anlayışı yeni olsa da, sosial sahibkarlar əsrlər boyu mövcuddur. Sosial müəssisələrə sənayeçilərin və iş adamlarının yaratdığı birliklər, ictimai həmrəylik dərnəkləri, fondlar, bələdiyyələr tərəfindən açılan gənclik mərkəzləri kimi müxtəlif sahələrdə rast gəlmək olar. Buna görə də sosial sahibkar termini təhsil, səhiyyə, ətraf mühit, insan hüquqları, inkişaf təşəbbüsü və s. sahələrdə sosial transformasiyanı innovativ şəkildə həyata keçirən fərdlərə aiddir.

Sosial sahibkarlıq anlayışı müasir dövrümüzdə ilk dəfə Banqladeşdə yaradılıb və ilk sosial biznes – Grameen Bank olub. Əsas məqsəd yerli qadınların onlara verilən mikrokredit sistemi ilə işsizlik problemini həll edərək, sahibkar olmağa dəstək vermək olub. 1983-cü ildə yaradılan sosial biznes milyonlarla insana təsir göstərib. Bu sahəni dünyaya gətirdiyinə görə Məhəmməd Yunus, Nobel mükafatına layiq görülmüşdür.

“Grameen Bank” kommersiya məqsədləri ilə çalışan banklardan bu faktorlarla fərqli olmağı bacardı:

– Kasıb insanların həyatına iqtisadi və sosial dəyişiklik gətirmək;

– Heç bir girov götürmədən, sırf insanlara güvənə əsaslanaraq cüzi faizlərlə kreditlər vermək;

– Şəhərdən kənar yerlərdə yerləşmək;

– Bankın müştərinin yanına getməsi;

– Ödənişlər üçün ciddi qaydalar qoymamaq;

– Müştərilər əsasən kasıb insanlardır;

– Kreditlər istehlak yox, məhsuldar fəaliyyət üçün verilir.

Sosial sahibkarlığın əsas məqsədi sosial problemi davamlı biznes yolu ilə həll etməkdir.

Bu modelin əsas  prinsipləri:

  1. Sosial problemə fokuslanmaq
  2. Maddi baxımdan müstəqil olmaq
  3. İnvestor qoyduğu investisiyadan dividend götürmür
  4. Dividend biznesin inkişafına qalır
  5. Gender və ətraf mühit məsələlərinə həssas olmalı
  6. Layiqli əmək haqqı və şərait olmalı
  7. Bu işi zövqlə görmək lazımdır

 

Sosial sahibkarlığın perspektivləri

Sosial sahibkarlar tərəfindən yaradılan sosial müəssisələr könüllü olaraq ölkənin sosial, iqtisadi, mədəni, ekoloji və idman inkişafına töhfə verir. Sosial müəssisələr bu mənada dövlət və ya özəl sektor tərəfindən yaradılan qurum və ya təşkilatlara alternativ kimi deyil, tamamlayıcı kimi qəbul edilməlidir.

Azərbaycanda sosial sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür və dövlət dəstəyi proqramları mövcuddur.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.