Şikar Qasımov “Azərbaycan  diasporunun formalaşması Heydər Əliyevin fəaliyyətilə bağlıdır”

“Azərbaycan  diasporunun formalaşması Heydər Əliyevin fəaliyyətilə bağlıdır”. Bunu Azərbaycan Texniki Universiteti, “Humanitar fənlər” kafedrasının  professoru, tarix elmləri doktoru Şikar Qasımov Vətənnaminə.az saytına müsahibəsində bildirib.

 

  • Ş.Qasımov Azərbaycanın müstəqilliyinin tarixi haqqında nə deyə bilərsiniz? Müstəqillik dövründə hansı problemlərlə qarşılaşmışıq?

 

XX əsrin əvvəlində müsəlman Şərqində  ilk demokratik respublika yaratmış Azərbaycan xalqı əsrin sonunda müstəqilliyini bərpa edərək, öz inkişafının keyfiyyətlə yeni mərhələsinə daxil oldu. Bu gün müstəqil Azərbaycan dünya birliyinin, beynəlxalq və regional təşkilatların tam hüquqlu üzvü və təmsilçisidir. Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi, siyasi və mənəvi potensialı sürətlə artmaqdadır. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, keçən dövrdə xalqımız müstəqil dövlət quruculuğu prosesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün pozulması, bir milyona qədər soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınması kimi dözülməz problemlərlə qarşılaşmışdır.

  • Bilirsiniz ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir. Bu günün yaranma tarixi ilə bağlı nə deyə bilərsiniz?

1991-ci ildə Sovetlər İttifaqının dağılması, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetməsi, Azərbaycanın öz müstəqilliyini bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz köməyimizi göstərək.

Müstəqil Azərbaycan Respublikası dünya Azərbaycanlılarının həmrəyliyinin əsası və güclü dayağıdır. Bu həmrəyliyin qayəsini təşkil  edən azərbaycanlılıq və Azərbaycan dövlətçiliyi ideyaları məhz, müstəqil dövlətimizin yaranması ilə inkişaf etmiş və soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir.

Müstəqilliyimizin ilk aylarından Azərbaycan diasporunun formalaşması, təşəkkül tapması Azərbaycan Respublikası və onun prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilməyə başlamışdır. Onun 1991-ci il 16 dekabr tarixli sərəncamı ilə  ilk dəfə   Naxçıvanda, sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr – dünya Azərbaycanlılarının həmləylik günü kimi xüsusi qeyd edilir. Bu bayram ərəfəsində bütün dünya azərbaycanlıları üçün xüsusi tədbirlər təşkil olunur və ölkə prezidentinin müraciəti səsləndirilir.

31 dekabrın bütün azərbaycanlıların ümummilli bayram kimi qeyd olunması və dövlət bayramları sırasında şərəfli yer tutması müstəqil Azərbaycan Respublikası ilə bağlıdır.

Azərbaycan Respublikası indi dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının əsas daşıyıcısıdır. Dövlətimiz bu gün xaricdə yaşayan azərbaycanlıların insan və vətəndaş hüquqlarının müdafiəçisi və qarantı rolunda çıxış edir.

  • Şikar müəllim, Azərbaycanda bu sahədə hansı addımlar atılıb?

Azərbaycanın tarixində ilk dəfə olaraq ölkə prezidenti Heydər Əliyevin «Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında» 23 may 2001-ci il tarixli sərəncamı ilə həmin il noyabrın 9-10-da Bakıda təntənəli şəkildə dünya azərbaycanlılarının I  qurultayının keçirilməsi  bu baxımdan daha əhəmiyyətli olmuşdur.  Bu tarixi toplantıda dünyanın 36 ölkəsindən, 200 təşkilatından gələn 466 nəfər (o cümlədən 63 nəfər qonaq kimi) həmyerlimiz iştirak etmişdir. Qurultayı- Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir olmuşdur. Qurultay Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin və onların cəmləşdiyi milli qurumların yeni tərzdə təşkilatlanmasına istiqamət verdi. Qurultayda ümummilli lider Heydər Əliyevin geniş nitqi xaricdən gələn yüzlərlə soydaşımızı vətənin gələcək inkişafı naminə daha əzmlə çalışmağa ruhlandırdı. Keçən dövr göstərir ki, qurultay dünyaya səpələnmiş milyonlarla azərbaycanlının milli birliyinin formalaşmasında mühüm rol oynamış, ölkəmizin daha da qüdrətlənməsi işinə öz təsirini göstərmişdir.

1994-cü ildən sonra Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin xarici ölkələrə uğurlu səfərləri zamanı bu ölkələrdəki soydaşlarımızla görüşləri, onların daha sıx təşkilatlanmasına bir təkan vermişdir. Əldə olunan məlumatlara görə bu gün dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır ki, onlardan 35 milyonu Cənubi Azərbaycanda, 500 mini ABŞ- da, 4 milyonu Avropa ölkələrində, 4 milyona yaxın MDB və Rusiyada yaşayır. Ümumilikdə bu gün azərbaycanlılar dünyanın 70-ə yaxın ölkəsində yaşayırlar. Dünyanın əksər ölkələrində 250-dən çox Azərbaycan kültür və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyət və mədəniyyət mərkəzlərinin hələ də hamısı güclü fəaliyyət göstərməsə də onlar formalaşma prosesini başa çatdırmış, Azərbaycanla bağlı konqreslər, müxtəlif səpkidə tədbirlər keçirirlər.

Bir çox xalqlar bu sahədə geniş təcrübəyə malik olsa da, diaspor problemi bizim üçün yenidir. Lakin daha çox «icma» sözü bizə yaxın ola bilər. Çünki, biz tarixi vətənimizdən qovulmamışıq. Milli lobbilər hər hansı bir icmanın, diasporun formalaşıb yetişməsi nəticəsində meydana çıxır. Biz azərbaycanlıların da dünyanın müxtəlif  ölkələrində icmalarımız var. Şimali Azərbaycanda soydaşlarımızın xaricə, Avropa və başqa ölkələrə ilk mühacirəti XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, bolşevizm terrorundan ehtiyatlanan bir çox ziyalılarımız xaricə mühacirət etməli olmuşdur. Uzun illər keçdikdən sonra xarici ölkələrə gediş-gəliş asanlaşdı, bir çox qadağalar götürüldü. Xaricdəki soydaşlarımızla mədəni əlaqələr qurulan, uzun illərin həsrəti ilə yaşamış bacı və qardaşlarımız bir-birinə qovuşmağa başladılar. Bu gün bir çox xarici ölkələrdə Azərbaycan cəmiyyətlərinin işbirliyi naminə Azərbaycan federasiyaları yaradılır. Buna nümunə olaraq Almaniyadakı Azərbay-can cəmiyyətlərinin Federasiyasını, Ukrayna Azərbaycanlılarının Konqresini, Ümumrusiya Azərbaycanlılarının Konqresini, Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti kimi milli qurumlarını misal göstərmək olar. Bu gün xaricdəki həmvətənlərimiz Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlətimizin inkişafına layiqli xidmət etməyə çalışırlar. Xaricdəki soy-daşlarımız arasında potensial qüvvə və səviyyələrə malik nüfuzlu alimlərimiz, ziyalılarımız, rəssamlarımız, iş adamlarımız doğma Azərbaycanımızın adına şərəf gətirirlər. Soydaşlarımızın təşkilatlanması, onlarda fikir birliyinin yaranması ilə məşğul olan istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları və başqa qurumlar həmvətənlərimizə yaxından kömək göstərir, diaspor problemi ilə bağlı tez-tez konfranslar, seminarlar keçirir, bu sahədə təcrübə və biliklərini bölüşürlər. Mədəniyyət mərkəzlərində soydaşlarımız qəzet, jurnallar nəşr edir, Azərbaycan dilində radio-televiziya verilişləri hazırlayırlar.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, ilk növbədə öz milli kimliklərini qoruyur, xalqımızın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşadır, inkişaf etdirirlər. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərtidir.

  • Ş.Qasımov bəs deyə bilərsinizmi həmvətənlərimiz hansısa problemlə qarşılaşdıqda hara müraciət etməlidir?

Əsrin əvvəlindən başlayaraq həmvətənlərimizin üzləşdiyi problemlərlə 2002-ci ilin iyulunda yaradılmış xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi məşğul olur. Razılıq hissi ilə qeyd etmək olar ki, vətəndən kənarda yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onların arasında birlik və həmrəyliyin gücləndirilməsi intensiv və məqsədyönlü şəkildə gedir. İctimai-siyasi baxışından və sosial vəziyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir vətən oğlunun öz vətəninə xidmət etməsi onun müqəddəs borcudur. Çünki, vətən anadır, vətən torpaqdır. Dünya azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev demişdir: «Bizim vətənimiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycandan xaricdə yaşayan azərbaycanlılar gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir».

Qurultay həm də göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisi olan Azərbaycan dövləti, öz diasporu tarixini yüksək qiymətləndirir. Güclü təşkilatlanma, düzgün formalaşma olmadan xaricdə milli lobbiçiliyimizin əsası qoyula bilməz. Qurultayda ümummilli lider Heydər Əliyev onu da qeyd etmişdir ki, biz indi böyük məmuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində – Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaradılıb. Son illər bu icmalar get-gedə təşkilatlanmış, genişlənmiş və həmvətənlə-rimizin yaşadıqları ölkələrdə onların həmrəyliyini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın dünya azərbaycanlı-larının həmrəylik günü və ümummilli bayramı kimi qeyd olunması, dövlət bayramları sırasında şərəfli yer tutması bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən, Azərbaycan prezidenti cənab İlham Əliyev demək olar ki, 2003- cü ildən bəri bütün xarici səfərləri zamanı həmvətənlərimizlə yaxından maraqlanmış, onlarla görüşmüş, arzu və təkliflərini bildirmiş, onlarla fikir mübadiləsi aparmışdır. Belə görüşlər Azərbaycan diasporu nümayəndələrinin ölkəmizə marağını daha da artırmış, həmvətənlərimizin vətənlə bağlı təəssüratlarını zənginləşdirmişdir.

  • Prezident İlham Əliyevin dövründə soydaşlarımızla münasibət hansı formada qurulub?

Bu gün dünya dövlətləri Azərbaycanın yeni lideri İlham Əliyevin nüfuzu ilə hesablaşırlar. Bu isə həmin ölkələrdə yaşayan soydaşlarımıza qarşı xoş münasibət formalaşdırır. Məsələn, cənab İlham Əliyevin Fransaya, Rusiyaya, Qazaxıstana, Özbəkistana, Ukraynaya, ABŞ-a və bir çox digər ölkələrə  səfərləri  münasibətlərin möhkəmlənməsi sahəsində xüsusi bir mərhələ təşkil edir. Azərbaycan prezidentinin yaxın qonşumuz Rusiyaya bir neçə dəfə səfəri zamanı orada yaşayan azərbaycanlıların həyat və məişət şəraiti ilə yaxından maraqlanmışdır. Onlar qarşısında çıxışında Azərbaycanda son on ildən artıq dövr ərzində Heydər Əliyev siyasi xətti haqqında ətraflı məlumat vermişdir. Onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə söhbətlərində bu ölkədə yaşayan azərbaycanlıların həyat və məişət şəraiti də müzakirə obyektinə çevrilmişdir. Prezident İlham Əliyev Ümumrusiya Azərbaycan konqresinin fəaliyyətinə yüksək qiymət verərək əmin olduğunu bildirmişdir ki, konqress bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə, Rusiyada yaşayan azərbaycanlıların həyatının firavan olmasına yönələcəkdir. Onun Rusiyadakı diasporumuz qarşısında 2004-cü il 19 oktyabrda, Moskvada Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında çıxışları bütün dünya azərbayanlılarının böyük marağına səbəb olmuşdur. Konqresdə V. Putin də çıxış etmişdir. Hər iki prezidentin nitqində Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Ümummilli lider Heydər Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələr və tövsiyyələrin yüksək səviyyədə həyata keçirilməsi bir daha özünü 2006-cı ilin martın 16-da keçirilən dünya azərbaycanlılarının II qurultayında göstərdi. Dünyanın bir çox ölkələrindən gəlmiş soydaşlarımız cənab İlham Əliyevin öz soydaşlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər.  Dünya azərbaycanlılarının birliyini bundan sonra daha da möhkəmləndirmək yollarını müəyyənləşdirdilər. Qurultayda cənab İlham Əliyevin nitqi və qəbul edilmiş qərarlar bir daha bunu göstərir. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdi.

Görülən işlərin nəticəsi olaraq qurultay sonrası, Dünya azərbaycanlılarının birliyi özünü xüsusilə, Fransa Parlamentinin qondarma erməni soyqırımını tanımaq məsələsində, Dağlıq Qarabağda bu yaxınlarda keçirilən qeyri – konstitusiyon  referenduma münasibətdə özünü göstərdi.

Dekabrın 22-də cənab İlham Əliyev «Exo Moskvı» radiosuna müsahibəsində jurnalistin Rusiyada azərbaycanlılara qarşı, bütün qafqazlılara qarşı mənfi əhval-ruhiyyə yaranır. Siz bununla əlaqədar işləyəcəksinizmi, kömək edəcəksinizmi? sualına cavabında demişdir: «Biz maksimum nə mümkündürsə  onu edirik. Mən harada, hansı ölkədə oluramsa – olum, həmişə diaspora ilə görüşürəm. Rusiya prezidenti Putini Ümumrusiya Azərbaycan Konqresinin ikinci qurultayına dəvət etməyim və bizim orada birlikdə çıxış etməyimiz Azərbaycan diasporunun rahatlığı üçün mühüm amil oldu».

Ardıcıl olaraq keçirilən Dünya Azərbaycanlılarınınqurultaylarının və bu qurultaylarda təşkilatlanan azərbaycanlıların yaşadıqları ölkələrdəki fəaliyyətləri  Azərbaycan diasporunun formalaşmasında əsaslı rol oynayır. Belə ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən 2011-ci ilin iyul ayının 5-6-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayınin yekununda qəbul edilən bir sıra qərarlar bu baxımından əhəmiyyətli olmuşdu. Qəbul edilən sənədlər arasında qurultayın dünya azərbaycanlılarına ümumi müraciətini,   Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciəti qeyd etmək olar. Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilmiş, Şuranın tərkibində Rıyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılmışdı.     Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilmişdi.

Eyni ilə 2016-cı il iyun ayının 3-4-də 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının IV qurultayının da mühüm əhəmiyyəti olmuşdu. “Keçmişin təcrübəsi və müasir düşüncə – Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında  panel iclasları keçirilmişdir. İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər. Daha sonra yenidən Azərbaycan prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilmişdi.

Göründüyü kimi Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün də  yeni mərhələdə daha da yüksək səviyyədə davam etdirilir. Ümummilli lider Heydər Əliyevin bu sahədə tövsiyyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev tərəfindən böyük uğurla yerinə yetirilir. Xaricdə yaşayan azərbaycanlılar isə bilirlər ki, arxalarında onların milli-mənəvi hüquq və mənafelərini qoruyan  müstəqil Azərbaycan dövləti və onun prezidenti durur.

-Şikar müəllim, bugünki müsahibəniz üçün çox təşəkkürlər.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.