Nəcməddin Mürvətov İstedadlı qələm sahibi, yazıçı şair yazıçı kimi Prezident təqaüdçüsü, Beynəlxalq “Rasul Rza” mükafatçısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim Nəcməddin Tacı oğlu Mürvətov 1953-cü ildə Dəvəçi (indiki Siyəzən, keçmiş Xızı), rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. “İlk sözüm”( 1997), “Etiraf” (2001), Varım dövlətim” (2003), “Dünyamıza sözüm var” (2005), ” Həqiqət axtarıram” (2006), “Yaxşılar azalmasın (2008), inam zəfərə aparır” (2009), Ömür adlı payım varmış (2011), Ürəklərin sifarişi sözümdə ” (2012),” Bircə söz de, şeir yazım” (2014), “Nə verdim ki, dünyaya” ( 2014), “Səsim, ünüm, harayım” (2015), Dünyamızın zərrəsiyəm” (2016), “Şairdə sirr olmur (2017), “Bu dağların alim oğlu” (2018), “Səmimiyyət istəyirəm” (2018),” Ümidlə bax gələcəyə, sabaha ” (2018), “Insanlıq” – bir ömür öyrəndiyim fənn *(2019), “Təkcə haqq deyib yaşadım” (2020), Vətən müharibəsi ikinci qarabağ savaşının siyəzənli şəhidlərinə həsr olunmuş “Ölməzliyin zirvəsi” (2021), “Hissim, duyğum, düşüncəm” (2021) kitablarının müəllifidir. Otuz il, qırx dörd gün “İstedadlı şair Nəcməddin Mürvətovun öz oxucuları ilə iyirmi ikinci görüşüdür.
Diqqət çəkmək istəsən
İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Böhtan şərlə vur da ləkə,
Təmiz, paka zil qara da.
Gözləməyib abır-həya,
Böyük, kiçik salma saya.
Varlığını sarsın riya,
Gətir ətrafı zara da.
Tək özünü təriflə, öy,
Kim tuş gəldi hikkənlə söy.
“Mən-mən” deyib döşünə döy,
Vur başını divara da.
Başqasına etməklə lağ,
Şitliyinlə lap çıxar ağ,
Girlən bax belə bir sayaq,
Gəlmə bir işdə kara da.
Qur hiylənlə fitnə-fəsad,
Ucuz alıb söz baha sat,
Ağrı, acı, qubar yarat,
Olsan nə zaman harada.
İşarəylə qaş-göz oynat,
Yaxa cır, özünə əl qat,
Mayallaq aş, qalx şıllaq at,
Hoqqalar düşün arada.
İstəyirsən diqqət çəkə,
Söz de qalmaqal yarada,
Hansı hədyan gəlsə dərkə,
Çək onu zildən cara da.
17.03.2021.
Yalanmı var?
Pis uymuşuq hay-haraya,
Bu sözümdə yalanmı var?
Gedirik belə haraya,
Bunu vecə alanmı var?
Öz nəfsinə olmaqla ram,
Var toplayır çoxu haram.
Ovunub olmuruq aram,
Anlamıram talanmı var?
Söyləməkdə yalan hədyan,
Ötürmürük bircəcə an.
Yaratmağa dərd, həyəcan,
Öhdəlik ya planmı var?
Naqisliklə çıxarıb ad,
“Uğur”undan oluruq sad,
Göstəririk nəhsə İnad,
Tərsliyimiz kalanmı var?
Etmir söz də bizə təsir,
Hər kəs kimdən nəsə kəsir.
Soran yazıq, yetim, yesir
Qayğısına qalanmı var?
Riyaları üzə duvaq,
Edib, gözləmirik ki haqq.
Dolanırıq bax bu sayaq,
Sonu yada salanmı var?
12.03.2021.
İnan ürəyimə
Bəlkə də səhvim var, nəsə nöqsanım,
İmkan ver düşünüm, daşınım, qanım.
Tapım saf-çürüklə düzü, inanım,
Mümkün, hər kəs hərdən aza yol, çaşa,
Məni ürəyimlə burax baş-başa.
Yox, haqdan kənara çıxan deyiləm,
Üstünə nəyisə yıxan deyiləm,
Qəlbini azacıq sıxan deyiləm.
Quran da deyiləm oyun, tamaşa,
Məni ürəyimlə burax baş-başa.
Dinlədim, eşitdim, şikayətini,
Kinli narazılıq hekayətini,
Duydum, hiss elədim bil niyyətini.
Dürüst qərarıma arxayın yaşa,
Məni ürəyimlə burax baş-başa.
Səninçün vəkilə dönəcəm özüm,
Olmaz yox, haqqında bircə sərt sözüm.
Xırda qüsuruna yumulmaz gözüm.
Mümkünsüz nahaqla ruhum barışa,
Məni ürəyimlə burax baş- başa.
Fərqi yox, inan ki, ola harda, kim,
Şəksiz söz-söhbətdə vicdanım hakim,
Hazıram verərsə cəzam nə, çəkim.
Düşmə zərrə qədər bundan təlaşa,
Məni ürəyimlə burax baş-başa.
16.03.2021
Nəcməddin Mürvətov (Şair)