VETENNAMİNE.AZ saytının Biləsuvar rayonu üzrə müxbiri xəbər verir ki, Biləsuvarda Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib.
VETENNAMİNE.AZ xəbər verir ki, turnirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, rayonun hüququ mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və rayon sakinləri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinni başçısı Faiq Qürbətov və natiqlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb, 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı.
44 gün ərzində qəhrəmancasına döyüşərək qanı-canı bahasına işğala son qoyan Biləsuvarlı igidlərimizin 69 nəfərin biri, hamımızın yaxşı tanıdığı mərd, mübariz igidimiz Babək Mahmudlu da Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bu gün keçirilən yarış Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur.
Çıxışlardan sonra şəhidlərimizn həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Sabirabad, Bakı Arena, Şirvan, Qusar, Gəncə və Biləsuvar komandalarının ümumilikdə 100 nəfərdən çox idmançısı arasında gərgin və maraqlı görüş keçirildi. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırıldı. Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.