VETENNAMİNE.AZ xəbər verir ki, bu gün Vətən müharibəsinin Biləsuvar şəhərindən şəhidimiz XTQ mənsubu Mahmudlu Babək Süleyman oğlunun anım mərasimi ilə əlaqədar ata ocağına baş çəkildi, valideynləri və yaxınları ilə görüşüldü, məzarı ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edildi.
Mərasimdə qəhrəman şəhidimizin döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarix yazan qəhrəman ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu – 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olmuşdur. 2011-cii ldə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt texniki kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikasının xüsusi təyinatlı qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Naxçıvanda Türkiyə Cümhiriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atışı yarışlarında birincilik əldə etmişdir.
27 sentyabr tarixində başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşçü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 01 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpaq tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid Babək Mahmudlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi Xidmətlərə görə” medalları ilə təltif edilmişdir.