Sahibkarlığın cəmiyyətdə əhəmiyyəti

Sahibkarlıq cəmiyyətin inkişafının, insanların rifahının yaxşılaşdırılmasının vacib amillərindən biridir.Müəssisə tərəfindən iş yerləri yaradıldığı halda işçilər, müəssisə sahibi və dövlət gəlirlə təmin olunurlar, yəni fəhlə və qulluqçular əmək haqqı alır, sahibkarlar gəlir əldə edirlər, dövlət büdcəsinə isə vergilər daxil olur. Yeni müəssisə yeni vergi ödəyicisi deməkdir.

Sahibkar – yeni müəssisənin yaradılması, cəmiyyətə təklif olunan yeni ideyanın, məhsulun və ya xidmətin işlənib hazırlanması ilə bağlı riski öz üzərinə götürən şəxsdir. Sahibkar xeyir götürmək məqsədilə istehsal amillərini hərəkətə gətirən və ya bu fəaliyyəti təşkil edən iqtisadi subyekdir. Sahibkar, yəni mülkiyyətçi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sahibkarlıq qabiliyyətinə malik olmalıdır.

Sahibkarlıq qabiliyyəti dedikdə isə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Ayrı-ayrı şəxslər ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində sahibkarlıq qabiliyyətinə yiyələnirlər. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır.

Uğurlu sahibkar olmaq üçün tələb olunan keyfiyyətlər Uğurlu sahibkarlıq üçün lazım olan 3 əsas qabiliyyət mövcuddur. Onlar aşağıdakı kimi müəyyən oluna bilər:

-Liderlik bacarığı. Sahibkar hər bir zaman işçiləri və onların təhlükəsizliyi üçün cavabdeh olmalı, funksiya və öhdəlikləri bölüşdürməyi bacarmalı, işçilərə nəzarət etməli və onları həvəsləndirməlidir.

-Qətiyyətlilik. Biznes sahibi çətin qərarlar üçün məsuliyyəti öz üzərinə götürə bilməlidir. Başqalarının fikirlərini dinləmək vacibdir, amma son qərar yenə də sahibkarındır.

-Yaradıcılıq. Uğurlu ideyanı intuitiv hiss etmək, yeniliklər yaratmaq, qeyri-standart yanaşma və həll yolunu heç kəsin ağlına gəlməyən bir yerdə axtarmaq iş adamına xas keyfiyyətlərdir.

– Cəsarət və riskə hazır olmaq. Sahibkar cəsarətli və risk etməyə hazır olmalıdır, əks halda, imkan və uğur onun yanından ötüb keçəcək. Amma cəsarəti ağılsızlıqla qarışdırmaq olmaz, hər şeyi xırdalıqlarına qədər düşünmək və riskləri hesablamaq lazımdır.

-Öz işini sevmək və onun vurğunu olmaq. Bizneslə məşğul olmaq çətin bir işdir. Yalnız bu işə maraq və sevgi, ruh yüksəkliyi və işdən zövq almaq sizi irəli apara bilər. Sahibkar öz müştəriləri, tərəfdaşları, işçiləri ilə münasibətdə və ən əsası özü qarşısında vicdanlı, səmimi və doğru olmalıdır. Yerinə yetirə bilməyəcəyi vədlər verməməlidir.

-Ünsiyyətcil olmaq biznes idarə edən şəxs üçün zəruridir. Peşəkar natiq və ya hər kəsə dost olmaq vacib deyil, amma ünsiyyət saxlamağı bacarmaq lazımdır.

-Hadisələri qabaqcadan hiss etmək. Sahibkar yalnız bu günlə yaşaya bilməz. O gələcək hadisələri hiss etməli, hər bir hərəkətini əvvəlcədən fikirləşməli və bir neçə addım qabağı görə bilməlidir. Uğurlu sahibkar inadkardır. O öz məqsədinə doğru gedir və işini sona çatdırır. Əgər bu keyfiyyətlərə malik deyilsinizsə zəif cəhətlərinizi təkmilləşdirməyə və bu xüsusiyyətləri özünüzdə tərbiyə etməyə çalışın. Bunun üçün öz üzərinizdə işləməli, daim öyrənməli, yeni bilik və informasiyalar əldə etməli, dünyagörüşünüzü genişləndirməli, bir sözlə “həyat boyu öyrənmək və inkişaf etmək” prinsipi ilə yaşamalısınız.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.