Vetennamine.az saytının Sabunçu rayonu üzrə bölgə müxbiri Məhi Mehdiyevin verdiyi məlumata əsasən , Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasında keçirilmiş tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,veteranları və Şəhid ailələri ictimai birliyinin Sabunçu rayon filialının üzvləri iştirak etmişdir. Tədbir Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr vəzifəsini icra edən Zülfüqar Cəfərov dövlətimiz tərəfindən fiziki məhdudiyyətli insanlara,o cümlədən müharibə əlillərinə,Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. Z.Cəfərov tədbir iştirakçılarına bildirmişdir ki,təməli Heydər Əliyevin prezidentliyi dövründə qoyulmuş güclü Azərbaycanı zəfərə daşıyan Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunan müharibə iştirakçıları bu gün cəmiyyətdə layiqli olduqları yerdədirlər. Sonra çıxış edən İB-in Sabunçu rayon filialının sədr vəzifəsini icra edən Çıngiz Tağıyev,fəal üzvlər Orxan Orucov,Arif İskəndərov və başqaları daim dövlətin və dövlət rəhbərinin yanında olduqlarını bildirmişlər. Tədbirin sonunda YAP-ın yaradılmasının 30 illiyi münasibətilə Çingiz Tağıyev və Arif Səmədov partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinı görə Fəxri fərmanlarla təltif olunmuşlar. İB-in Sabunçu rayon filialı da fərqlənən üzvlərini mükafatlandırmışdır. Sonda xatirə şəkli çəkdirilmişdir.
















