VETENNAMİNE.AZ xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Pirəmsən kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə iştirakçıları məlumatlandırıb. Həmçinin, cari il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə sahəsində görülən işlərin nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.