Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, rayon icra hakimiyyətinin məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.
Milli Qəhrəman Murad Mirzəyevin atası və övladının iştirakı ilə büstün açılışı olub. Həmçinin şəhid anaları Vətən Şəhidləri adlı abidənin açılışını edib. Çıxışlar zamanı hərb tariximizə şanlı hərflərlə yazılan Aprel zəfərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı əldə olunan parlaq Qələbənin təməli məhz Aprel döyüşlərində qoyulub.
Diqqətə çatdırılıb ki, Aprel zəfərində düşmənə sarsıdıcı zərbələrin vurulmasında Milli Qəhrəman Murad Mirzəyevin misilsiz xidmətləri olub. Məhz onun tabeçiliyində olan xüsusi təyinatlı bölmə düşmən təxribatının qarşısının alınmasında və işğalda olan torpaqlarımızın bir qisminin azad olunmasında xüsusi şücaət göstərib. Qeyd edilib ki, Murad Mirzəyev və tabeçiliyində olan hərbçilər son damla qanına qədər döyüşərək, azad edilən torpaqların müdafiəsində dayanıb. Canlarını Vətənə fəda edərək Aprel zəfərinin qazanılmasını təmin ediblər.
Tədbirdə çıxış edən şəhid anaları vurğulayıb ki, Murad Mirzəyevin Vətənə olan xidməti və şəhidlik məqamı məhz ondan sonra gələn nəsillər üçün əsl vətənpərvərlik məktəbi olub. Onu özünə ideal seçən gənclərimiz 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında şücaət göstəriblər. Bildirilib ki, Vətən uğrunda canını fəda edən şəhidlər əbədi olaraq qəlblərdə yaşayacaq. Həmçinin tədbirdə çıxış edən Milli Qəhrəman Murad Mirzəyevin hərbçi yoldaşları onun vətənpərvərliyindən, peşəkar hərbçi və əfsanəvi xüsusi təyinatlı olduğundan danışıblar. Bildiriblər ki, Murad Mirzəyev hər zaman döyüşə öndə gedənlər sırasında yer alıb, son damla qanına qədər döyüşərək Vətəni uğrunda canını fəda edib.
Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilib.