Səs çirklənməsi insan və ya heyvan həyatına mənfi təsir göstərən və onun tarazlığını pozan hər hansı insan, heyvan və ya maşın tərəfindən törədilən səslərdir. Səs-küy çirklənməsinin ən çox yayılmış formalarından biri, xüsusən də avtomobillərdən gələn səs çirklənməsidir.
Səs-küyün insan sağlamlığına təsiri həm sağlamlıq, həm də davranış aspektlərində ortaya çıxa bilər. Ümumiyyətlə, səs-küy adlanan hər cür səslər insan sağlamlığına fizioloji və psixoloji cəhətdən təsir edir. Bu arzuolunmaz səslər əsəbilik, aqressiya, hipertoniya, yüksək stress, qulaqlarda uğultu, eşitmə itkisi, yuxu pozğunluğu kimi bir çox nəticələrə səbəb ola bilər. Bu nəticələr arasında stress və hipertoniya ciddi sağlamlıq problemlərinə, qulaqlarda uğultu isə unutqanlığa, ciddi psixi depressiyaya və bəzən panik ataklara səbəb ola bilər.
Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində adrenalinin və noradrenaiinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.
Əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən sinir proseslərini dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hüceyrələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıqlandırmaya cavab reaksiyasının xarakteri dəyişir.
Akustik travma eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsidir. Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağır eşitməyə, hətta karlığa səbəb ola bilər.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti