VETENNAMİNE.AZ xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Biləsuvar şəhərindən Məmmədov İlkin Fərhad oğlunun şəhadətinin 3-cü ildönümü ilə əlaqədar olaraq ailəsinə baş çəkildi, valideynləri və yaxınları ilə görüşüldü, məzarı ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad olundu.
Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik Nağı Cəfərov, Biləsuvar rayon səhiyyə işçiləri, hərbiçi yoldaşları, şəhid valideynləri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Mərasimdə iştirak edənlər qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışaraq xatirəsini anıblar. Qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən müharibəsi şəhidi Məmmədov İlkin Fərhad oğlu -2002-ci il martın 27-də Biləsuvar şəhərində anadan olmuşdur. İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətinin üçüncü ayında başlayan Vətən müharibəsində müstəsna qəhrəmanlıq göstərmişdir. “N” saylı hərbi hissənin mina atıcı batareyanın bölük komandiri, baş hesablayıcısı olmuşdur. Rəhbərlik etdiyi bölük sərrast atışlarla düşmən hədəflərini məhv etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda düşmən hücumunun qarşısını alarkən Xocavənd rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid İlkin Məmmədov noyabrın 6-da Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti