Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ-a verdiyi məlumata əsasən, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, SHXÇDX Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Nağı Cəfərov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, ictimai nümayəndələr iştirak ediblər.
Tədbir şəhidlərimizin ruhunun yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra tədbiri idarə edən Bəhruz Əliyev şəhid kapitanın həyat yolu haqqında, onun çətinliklərdən keçərək döyüşdə qəhrəmanlığından, şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda, komandiri olduğu şəxsi heyətlə birlikdə tarixə qovuşmasından, şəhidliyindən danışdı.
Çıxış edənlər şəhidimizin qəhrəmanlığının yetişməkdə olan gənc nəsillərə əsil vətənpərvərlik məktəbi olduğunu qeyd etdilər. Tədbirin sonunda şəhidimizin məzarı ziyarət olundu, əziz xatirəsi dərin ehtiramla yad edildi.
Şəhidimizin atası Ağaqulu Tağıyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.
Şəhid Elçin Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1995-2004-cü illərdə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçivanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N”saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi. 2016-ci il aprel döyüşlərində dostu baş leytenant Ziya Həsənov şəhid olduqdan sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirir.
Azərbaycan Ordusunun kapitanı Elçin Tağıyev Vətən Müharibəsində Tərtər rayonunun Talış qəsəbəsi uğrunda döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Qarabağ” ordeni ilə, “VƏTƏN UĞRUNDA”, “SUQOVUŞANlN AZAD OLUNMASINA GÖRƏ” medalları ilə təltif olunmuşdur.
Ailəli idi, Dəryanur, Tağı, Məhəmməd adlı övladları dövlətimizə əmanətdir.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti