Vetennamine.az saytının Qərb regionu üzrə bölgə müxbiri Namiq Alıyevin verdiyi məlumata əsasən ,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialının üzvləri və Azərbaycan Respublikası Müharibə Əmək və Silahll Qüvvələri Veteranları Təşkilatı Qazax rayon şöbəsinin üzvləri ŞƏHİD Davud Qurbanovun məzarını ziyarət etdi. Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Vətən Naminə Mətbuat Xidməti