Şəhid Çerneqa Ruslan Vladimiroviçin xatirəsi anılıb

10 yanvar 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbdə bu məktəbin məzunu, şəhid Çerneqa Ruslan Vladimiroviçin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin xatirəsinə musiqili-ədəbi kompozisiyalar həsr olunub.

Tədbirdə 245 nömrəli məktəbin direktoru A.A. Azadəliyeva, şəhidin keçmiş sinif rəhbəri Ağayeva Məlahət, məktəbin şagirdləri, həmçinin “Azərbaycanda Ukraynalıların Konqresi” Xətai rayonun şöbəsinin sədri Qorobçuk Olqa Alekseyevna, ictimai birliyin üzvləri, ”Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Xətai rayonun filialının sədr müavini Mehman Məmmədov, vəkil Rövşən Məmmədov, şəhid atası Ağalarov Ağalar iştirak edib.

Məlumat üçün qeyd edək ki, Çerneqa Ruslan Vladimiroviç 1975-ci il sentyabrın 7-də Bakıda ukraynalı Vladimir Çerneqa və azərbaycanlı Böyük xanım Cavadovanın ailəsində anadan olub. Ailəsində üçüncü övlad idi. 1982-ci ildə 245 saylı məktəbin birinci sinfinə daxil olub.1990-cı ildə 9-cu sinfi bitirərək peşə məktəbinə daxil olub. 18 yaşı olanda Ruslan hərbi xidmətə çağırılıb. Qarabağ müharibəsinin ilk günlərindən Ruslanın arzusu böyük qardaşı Mikayılın döyüşdüyü cəbhədə iştirak etməsi idi. 1993-cü ilin dekabrında Ruslan döyüş bölgəsinə köçürüldü. O, əvvəlcə Ağdamda, sonra isə Füzuli rayonlarında döyüşüb. 1994-cü il yanvarın əvvəllərində Füzuli istiqamətində qızğın döyüşlərdə iştirak edib və yanvarın 10-da Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək qəhrəmancasına həlak oldu.

Tədbirin sonunda Ruslan Çerneqanın 245 nömrəli məktəbin həyətində yerləşən xatirə lövhəsi önünə gül dəstələri düzülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.