HomeBütün XəbərlərŞəhid atasının 80 yaşı qeyd olundu

Şəhid atasının 80 yaşı qeyd olundu

Şəhid atasının 80 yaşı qeyd olundu

Noyabr ayının 25-də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon filialının sədri Suliddin Yusibov, keçmiş Tərtər Özünümüdafiə Batalyonunun komandiri Pənah Məmmədov, Qarabağ qazisi Ayaz Məmmədovla birlikdə şəhid Arif Muxtarovun ailəsində olublar.
Rayon rəhbəri şəhid atası Aqil Muxtarovu 80 illik yubileyi və ailə qurmalarının 50 illiyi münasibətilə təbrik edib, onlara can sağlığı, həmişə nəvə-nəticələrinin əhatəsində olmağı arzulayıb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Muxtarovlar ailəsi rayonumuzda nümunəvi ailələrdən sayılır. Ailənin 4 oğlu olub: Nazim, Namiq, Arif və Akif.
Müharibə bu ailədən də yan keçməyib. 1992-ci ilin iyun ayının 18-də atılan “Qrad” mərmisi Aqil kişinin ata evinə düşüb, həyat yoldaşı Sənubər xanım da, oğlu Namiq də orada yaralanıb. İndi onlar hər ikisi bədənlərində həmin mərminin qəlpələrini gəzdirirlər. Bu hadisədən az sonra sentyabr ayının 29-da isə Çıldıran kəndi ətrafında gedən qanlı döyüşlərdə Muxtarovlar ailəsinin oğlu Arif şəhid olub.
50 il bir yerdə acılı-şirinli bir ömür yaşayan Aqil kişi və Sənubər xanım hazırda şəhid İlqar Həsənov adına küçədə oğlu Akiflə birlikdə yaşayırlar. Onların 7 nəvələri var. Balaca Arif şəhid əmisinin adını daşıyır.
Ailənin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edərək, şəhid adının uca tutulmasının onları qürurlandırdığını bildirdilər.
Keçmiş Tərtər Özünümüdafiə Batalyonunun komandiri Pənah Məmmədov, filialın sədri Suliddin Yusibov, Qarabağ qazisi Ayaz Məmmədov Muxtarovlar ailəsini təbrik edərək, şəhid Arif Muxtarovla bağlı xatirələrini bölüşdülər. Hamı bir arzunu dilə gətirdi: torpaqlarımız tezliklə işğaldan azad olunsun, Azərbaycanın üçrəngli bayrağı yenidən o torpaqlarda dalğalansın.