Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir.
Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.
Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü ildə Prezident seçilən İlham Əliyev regionların inkişafı ilə məşğul olacağını, bunun üçün səylərini əsirgəməyəcəyini vəd etmişdi.
Bu vədini unutmayan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən onu bir daha xatırladıb və bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf edib: “Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.













