R.Abdullayeva: icbari tibbi sığorta sağlamlığın qarantıdır

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai Birliyinin sədri, i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva Vetennamine.az saytına icbari tibbi sığortanın vacibliyi haqqında danışıb.

Müasir dövrdə, xəstəliklərin çoxaldığı zamanda səhiyyənin rolu əhəmiyyətli dərəcədə artır və əhalinin sağlamlığının qorunması prioritet məsələyə çevrilir. Təsadüfi deyil ki, hələ 2000-ci ildə BMT-nin təşəbbüsü ilə 183 millətin, 147 dövlətin nümayəndələrinin iştirak etdiyi Minilliyin Sammitində bütün dünyada yoxsulluğun azaldılması və insan inkişafının təmin edilməsinə təsir göstərən amillər arasında səhiyyə ön sırada yer almışdır. Belə ki, 8 inkişaf məqsədindən 3-ü, 18 hədəfdən 6-sı səhiyyə sisteminin inkişafı ilə bağlı olmuşdur. Bu Məqsədlərdə əks olunan 48 indikatordan 18-i səhiyyə xarakterlidir.
“BMT 2030: Dayanıqlı İnkişaf Məqsədləri”ndə də səhiyyəyə xüsusi yer verilmişdir. Belə ki, “sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək”; “Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək” kimi məqsədlər səhiyyə xarakterlidir.
Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ölkəmizin səhiyyə sisteminin qarşısında uşaq ölümü hallarının azaldılması, anaların sağlamlığının qorunması, İİÇV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizənin genişləndirilməsi kimi bir sıra məqsədlər qoyulmuşdur. Bu məqsədlərin həyata keçirilməsi, əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdəki səhiyyə müəssisələri əsaslı təmir olunmuş, yüzlərlə tibb ocağı tikilmişdir. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarına uyğun olaraq Lənkəran, Gəncə, Şirvan, Qazax, Zaqatala, Cəlilabad, Bərdə, Qəbələ, Şamaxı, Quba rayonlarında Müalicə-Diaqnostika Mərkəzləri tikilib əhalinin istifadəsinə verilmişdir.

Səhiyyənin maliyyələşməsi
Əhalinin sağlamlığının qorunması əsasən səhiyyənin maliyyələşməsindən, xüsusilə də dövlət maliyyələşməsindən birbaşa asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus qeyd etmişdir ki, səhiyyəyə ayrılan vəsaitlər əlavə xərc deyil, əksinə yoxsulluğun azldılmasına qoyulan investisiya, iş yerlərinin yaradılması, məhsuldarlığın yüksəldilməsi, hərtərəfli iqtisadi artım və daha sağlam, təhlükəsiz və ədalətli cəmiyyət deməkdir.
Azərbaycanda səhiyyənin maliyyələşməsinə nəzər salsaq görərik ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər ildən-ilə artırılmışdır.
Səhiyyənin maliyyələşdirilməsində diqqət yetirilməli məsələlərdən biri də dövlət büdcəsindən İlkin Səhiyyə Xidmətlərinə ayrılan vəsaitlərlə bağlıdır. İlkin Səhiyyə Xidmətlərinin səmərəli təşkili xəstəlikləri vaxtında aşkara çıxarmaqla yanaşı onun müalicəsini asanlaşdırır və çəkilən xərcləri də azaldır. Odur ki, səmərəli səhiyyə siyasəti tətbiq edən ölkələr İlkin Səhiyyə Xidmətlərinə daha çox vəsait ayırırlar. “1978-ci ildə Almata Bəyannaməsinin qəbulundan sonra 1984-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu ilkin tibbi yardımın gücləndirilməsi məqsədi ilə əlavə olaraq 38 vəzifə müəyyənləşdirmişdir. Bu vəzifələr səhiyyə sisteminin inkişafı və sağlamlıq baxımından İlkin Səhiyyə Xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
Ölkəmizdə İlkin Səhiyyə Xidmətlərinə dövlət büdcəsindən ayrılan vəsaitlər ildən-ilə artsa da, lakin xüsusi çəkisi son illərdə azalmışdır.

İcbari tibbi sığortanın tətbiqi
Mövcud problemləri həll etməkdən və dövlət səhiyyə vəsaitlərinin səmərəli istifadəsindən ötrü ölkəmizdə 2020-ci ildən icbari tibbi sığorta sistemi formalaşdırılacaqdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsində daha çox icbari tibbi sığorta üsulundan istifadə edilir. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta – əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem, sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri var. Belə ki, sözügedən sistem, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalın əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və tibbi xidmətlərə xərclənən vəsaitlərin payını azaldır.
Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əhalinin böyük əksəriyyəti icbari tibbi sığorta ilə təmin edilmişdir. Məsələn, Kanada, Böyük Britaniya, Yaponiya, İtaliya, Finlandiya, İsveçrə kimi ölkələrdə icbari tibbi sığorta ilə təmin olunma səviyyəsi 100%-dir. İcbari ibbi sığorta ilə əhatə səviyyəsi postsosialist ölkələrindən – Çexiya Respublikasında 100%, Estoniyada 93,9%, Litvada 92%-dir. Onu da qeyd edək ki, qonşu ölkələrdə də (Rusiya, Gürcüstan və s.) icbari tibbi sığorta fəaliyyət göstərir.
Ölkəmizdə icbari tibbi sığortanın formalaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Əhalidən heç bir ödəniş tələb olunmadan onlara tibbi müayinə və müalicə xidmətləri göstərilir. Hər ailə həkiminə orta hesabla 2500 nəfər təhkim olunaraq siyahı hazırlanmış və müvafiq elektron sistemə yüklənmişdir. Təhkim olunmuş əhalinin ailə həkimi seçmək və dəyişmək hüququ vardır. İcbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əmək haqlarına stimullaşdırıcı əlavələr edilmişdir. Tibbi heyətin maaşları artırılmışdır. Ağdaşda həkimlərin əməkhaqları 2,5-3 dəfə, orta və kiçik tibb işçilərinin əməkhaqları 2 dəfə, inzibati idarəetmə işçilərinin əməkhaqqları 2,5-3 dəfə artmışdır.
Bütün bunlar icbari tibbi sığortaya keçidin tibbi heyətin sosial təminatı üçün də nə qədər zəruri olduğunu bir daha sübut edir. Bunlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi zamanı mühüm məsələlərdən biri də bütün əhali qrupları üçün onun əlçatan olmasıdır. İcbari tibbi sığorta sistemi sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməlidir.

Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
• Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
• İlkin səhiyyə (ailə həkimi) xidməti;
• Ambulator şəraitdə müayinə və müalicə;
• Stasionar müalicə;
• Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
• Fizioterapevtik xidmətlər;
• Laborator müayinələr;
• Hamiləlik və doğuş xidməti;
• Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
• Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
• Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
• Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Maarifləndirmə
İcbari tibbi sığortanın mərhələli tətbiqini zəruri edən amillərdən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin apardığı işlər təqdirə layiqdir. Lakin geniş əhali kütləsi arasında icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsi aşağıdır. Geniş əhali qruplarının maarifləndirilməsi üçün icbari tibbi sığortadan istifadə mexanimi ilə bağlı sosial çarxların hazırlanması və KİV-lərdə, sosial şəbəkələrdə yayımlanması, posterlərin artırılması, bukletlərin paylanması, təlimlərin verilməsi zəruridir. Prosesə qeyri-hökumət təşkilatlarının cəlb olunması bu işin səmərəliliyini artıracaqdır. Bununla bağlı Azərbacan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birlikdə elan etdiyi qrant müsabiqəsi kimi fəaliyyətlər bu işə öz töhfələrini verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.