Qubadlının işğaldan azad olunmasının ildönümüdür

Bu gün – oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri olan Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. Lakin mənfur düşmən işğal dövründə Qubadlının tarixi, mədəni abidələrini, təbii sərvətlərini talan etmişdir.

Qubadlı rayonu uzun müddət düşmən tapdağında qaldıqdan sonra 25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Öldürülən, əsir götürülən insanların, uzun illərdir həsrət çəkən məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.

Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən tam bir il ötür.

Təəssüflər olsun ki, təcavüzkar Ermənistan işğal dövründə işğal altındakı digər ərazilərimiz kimi Qubadlıdada amansızca cinayətlər törədib, təbii sərvətləri məhv edib.

Artıq işğaldan azad edilən Qubadlı rayonunda da monitorinqlər aparılıb, dəymiş ziyanlar hesablanıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qubadlı rayonunun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində monitorinqlər keçirilib. Monitorinqlər zamanı Qubadlı rayonundakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub. Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri siyahısına daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, diametri 60 sm olan qoz ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində Eldar şamı və sərv ağaclarından ibarət 2 hektarda salınmış park isə tamamilə məhv edilib.

Lakin sevindiricidir ki, digər işğaldan azad olunan ərazilərimiz kimi, Qubadlıda da dövlət tərəfindən bir çox mühüm layihələr həyata keçirilir. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.