Qeyri-formal məşğulluğun pensiya təminatına təsiri

Bu gün AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Rəsmiyyə Sabir qızı Abdullayeva xanım Vetennamine.az saytına qeyri-formal məşğulluğun pensiya təminatına təsiri barədə məlumat verib. Rəsmiyyə xanımın bu açıqlamasında Azərbaycandakı qeyri-formal məşğulluğun mövcud vəziyyəti haqqında məlumat verilir, qeyri-formal məşğulluğu yaradan səbəblər təhlil edilir və pensiya təminatına təsiri tədqiq olunur, qeyri-formal məşğulluğun azaldılması yolları göstərilir.   Vetennamine.az saytı olaraq açıqlamanı Sizə təqdim edirik.

“Əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında məşğulluq mühüm yer tutur. Məşğulluq, təkcə işləyən əhalinin deyil, həmçinin işləyən əhalinin pensiyaya çıxdıqdan sonra həyat keyfiyyətinin yaxşılaşdırılmasında da vacib rol oynayır. Odur ki, hər bir ölkədə məşğulluğun təmin olunması sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biridir. Bu, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, həm də dövlətin sosial yükünün azaldılması deməkdir.

Azərbaycanda da məşğulluğun təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. Bu prioritetin reallaşdırılması üçün müvafiq qanunvericilik bazası formalaşdırılmışdır.

Son illərdə ölkəmizdə qəbul edilmiş bir sıra strategiya və proqramlar da əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir. Belə ki, dövlətin məşğulluq siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının əsas müddəaları «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, AR Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «AR-nın Məşğulluq Strategiyası (2006-2015-ci illər)” və AR Prezidentinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “AR-nın Məşğulluq Stategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” və s.-də öz əksini tapmışdır.

Bu islahatlar Beynəlxalq Əmək Təşkilatının (BƏT) ratifikasiya olunmuş konvensiya və tövsiyələrinə, «Avropa Sosial Xartiyası»nın tələblərinə uyğun şəkildə həyata keçirilir.

Aparılan islahatlar və Azərbaycan iqtisadiyyatında baş verən müsbət sosial-iqtisadi dəyişikliklər məşğulluğa da öz təsirini göstərmişdir. Belə ki, 2005-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə iqtisadi fəal əhalinin sayı 17,2% artaraq 4380,1 nəfərdən 5133,0 nəfərə, iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların sayı isə 20,0% artaraq 4062,3 nəfərdən 4879,0 nəfərə çatmışdır.  2005-ci illə müqayisədə 2018-ci ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların xüsusi çəkisi artmış, işsizlərin xüsusi çəkisi isə azalmış və müvafiq olaraq 95,0 və 5,% təşkil etmişdir.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində iqtisadiyyatda məşğul olanların mülkiyyət növləri üzrə bölgüsündə də dəyişikliklər baş vermişdir. Əgər 2000-ci ildə iqtisadiyyatda məşğul olanların 34,5%-i dövlət, 65,5%-i qeyri-dövlət sektorunda çalışırdısa, 2018-ci ildə iqtisadiyyatda məşğul olanların 23,7%-i dövlət, 76,3%-i isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Müvafiq ildə təhsil, istirahət, əyləncə və incəsənət, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı kimi sahələrdə dövlət sektorunda, emal, mədənçıxarma sənayesində, tikintidə, turistlərin yerləşdirilməsi və ictimai iaşə, ticarət, nəqliyyat vasitələrinin təmiri kimi sahələrdə qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi daha yüksək olmuşdur.

Qeyri-dövlət sektorunun xüsusi çəkisinin artması ilə yanaşı, bu sektorda qeyri-formal məşğul olanların da sayı yüksəlmişdir. Xüsusilə də, tikinti və xidmət sektorunda “gizli məşğullar”ın sayı daha çoxdur. Onu da qeyd edək ki, tikinti və xidmət sektorunda qeyri-rəsmi məşğulluğun xüsusi çəkisinin yüksək olması təkcə ölkəmiz üçün xarakterik deyil. Dünya Bankının hesablamalarına görə dünyada parəkəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80%-i qeyri-leqal işləyir.

Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmalarına görə dünyada 1 milyard 800 milyondan artıq insan qeyri-formal əmək bazarının iştirakçısıdır. Bu isə dünya üzrə iqtisadi fəal əhalinin 50%-indən çoxdur. Qeyri-formal məşğulluğun orta göstəricisi Afrika ölkələri üzrə 85,8%, Asiya və Sakit okean ölkələri üzrə 68,2%, Ərəb ölkələri üzrə 68,6%,  Avropa ölkələri üzrə 25,1%, Cənubi və Şimali Amerika ölkələri üzrə 40% təşkil edir. Ümumiyyətlə, qeyri-formal məşğulluğun 93%-i inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir.

Ölkəmizdə isə 2018-ci ildə məşğul əhalinin sayı 4879 min nəfər, faktiki sığorta ödəyicilərinin sayı isə 1582 min nəfər olmuşdur. Qanunvericiliyə görə əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir. Deməli, məşğul əhalinin 3297 min nəfəri qeyri-rəsmi əmək bazarının iştirakçılarıdır. Başqa sözlə, məşğul əhalinin 67,5%-i qeyri-rəsmi əmək bazarının iştirakçısıdır. Beləliklə, qeyri-dövlət sektorunda çalışanların böyük əksəriyyəti bir sıra sosial hüquqlardan (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək və s.) mərhumdurlar.

Qeyd olunanlar təkcə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sosial sığorta ayırmalarının azalmasına və dövlətin sosial yükünün artmasına təsir göstərmir, eyni zamanda həmin vətəndaşların pensiya təminatından qismən və ya tamamilə məhrum olmasına gətirib çıxarır.

Bunun nəticəsidir ki, DSMF hələ də dövlət büdcəsindən ayrılan transfertlərlə fəaliyyət göstərir. (Diaqram)

Diaqram. Dövlət büdcəsindən Sosial Müdfafiə Fonduna ayırmalar

 

 

Diaqramdan göründüyü kimi, son illərdə Azərbaycanın dövlət büdcəsindən DSMF-ə transfertlərin həcmi artmışdır. Belə ki, 2010-cu illə müqayisədə 2019-cu ildə transfertlərin həcmi 2,8 dəfə yüksəlmişdir.  Halbuki, Azərbaycanda 2006-cı ildən “bölüşdürücü” pensiya sistemi “yığım” pensiya sistemi ilə əvəzlənmişdir. Yeni sistem işləyənlərin əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqlarına əsasən pensiya təminatını həyata keçirməlidir. Əslində dövlət büdcəsindən edilən transfertlərin həcmi də ildən-ilə azalmalı idi.

DSMF-in özünü maliyyələşdirə bilməməsinin bir sıra səbəbləri vardır. Əsas səbəb – sosial sığorta haqlarının yığılmasında ciddi problemlərin olmasıdır. Sosial sığorta ayırmalarından yayınmaq məqsədilə iqtisadiyyatın bəzi sahələrində, qeyri-dövlət müəssisə və təşkilatlarında işçilərə verilən əmək haqqı ilə, qeydə alınan rəsmi əmək haqqı arasında xeyli fərq olur. Bundan başqa, qeyri-dövlət sektorunda fəaliyyət göstərən bəzi işçilərlə Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmadığından, onların əmək haqqından görə DSMF-ə sosial sığorta haqqı ayrılmır.

Bunun da səbəbi işəgötürənlər üçün sosial sığorta tariflərinin yüksək olmasıdır. 85 mütəxəssis arasında keçirdiyimiz sorğunun nəticələri də bunu isbatlayır. Sorğunun nəticələrinə əsasən “Sosial sığorta haqlarının tam yığılmamasının səbəbləri hansılardır?” sualına respondentlərin 55,6%-i kölgə iqtisadiyyatının xüsusi çəkisinin, 34,9%-i  sosial sığorta tariflərinin yüksəkliyini, 41,3%-i isə nəzarət mexanizminin zəifliyini səbəb göstərmişlər.

Sosial sığorta tariflərini məqbul hesab edirsinizmi?” sualına respondentlərin 77,8% “xeyr” cavabını vermişlər. “İşəgötürənlər üçün sosial sığorta tariflərini necə qiymətləndirirsiniz?” sualına respondentlərin 17,%-i aşağı, 44,4%-i orta, 23,8%-i yüksək, 14,3%-i çox yüksək qiymətləndirmişlər.

Qeyd etmək lazımdır ki, ölkəmizdə həqiqətən də 2019-cu ilə kimi sosial sığorta tarifləri işəgötürənlər üçün yüksək idi. Bu göstərici işəgötürənlər üçün 22%, işçilər üçün 3% təşkil edirdi. Bu göstəriciləri bəzi ölkələrin anoloji göstəriciləri ilə müqayisə edək (Cədvəl).

Cədvəl. Bəzi ölkələrdə üzrə sosial sığorta tarifləri, 2018

Ölkələrİşçi (%)İşəgötürən (%)
İsveçrə5,95,9
Lüksemburq10,812,3
Niderland11,610,4
İslandiya0,36,3
Fransa8,826,5
İsveç5,323,9
Avstraliya0,05,6
Böyük Britaniya8,59,8
Danimarka0,00,0
Finlandiya8,117,6
Yaponiya12,513,3
İtaliya7,224,0
ABŞ7,17,6
İsrail7,65,3
Yeni Zelandiya0,00,0
Çexiya8,225,4
Sloveniya19,013,9
Polşa15,314,1
Macarıstan15,317,4
Türkiyə12,814,9
Çili7,00,0

 

Cədvələ nəzər saldıqda, görürük ki, ölkəmizlə müqayisədə bir sıra ölkələrdə  (İsveçrə, Lüksemburq, Türkiyə, Macarıstan, Polşa, Sloveniya, İsrail, ABŞ, Yaponiya, Finlandiya, Böyük Britaniya, Avstraliya, İslandya, Niderland) işəgötürənlər üçün sosial sığorta tarifləri aşağıdır. Bəzi ölkələrdə (Yeni Zelandiya, Çili, Danimarka) isə işəgötürənlər, ümumiyyətlə, sosial sığorta ayırmalarından azaddırlar.

Qeyd olunanlar hökuməti bu sahədə islahatlara təşviq edir. Belə ki, qeyri-formal məşğulluqla mübarizə, 2018-ci ildə qəbul olunmuş “Məşğulluq haqqında” Qanunda da öz əksini tapmışdır. Qanunun 5-ci fəsli qeyri-formal məşğulluğa həsr olunmuşdur. Bundan başqa, müvafiq ildə qəbul edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması hədəf olaraq götürülmüşdür. Belə ki, Strategiyada iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq qarşıya məqsəd kimi qoyulmuşdur. Qeyd etmək lazımdır ki, 2017-ci ildə müvafiq göstərici 48,1% olmuşdur.

Qeyri-formal məşğulluğun xüsusi çəkisinin azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 noyabr 2018-ci il tarixdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Bu Qanuna görə məcburi sosial sığorta haqlarında bəzi dəyişikliklər edilmiş və neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilməsi nəzərdə tutulmuşdur:

Sığorta haqqına cəlb edilən aylıq gəlirsosial sığorta haqqı dərəcəsi
cəmisığortaolunanın gəlirlərindən tutulansığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək25 faiz3 faiz22 faiz
200 manatdan çox olduqda25 faiz6 manat + 200 manatdan çox olan hissənin 10 faizi44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının aşağıdakı dərəcələrlə ödənilməsi təsbit olunmuşdur:

– sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; (2020-ci il yanvarın 1-dən qüvvəyə minir)

– mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında;

– xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

– müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

– vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında;

– mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Sosial sığorta haqları ilə bağlı edilən dəyişikliklər 1 yanvar 2019-cu ildən qüvvəyə minmişdir. Fikrimizcə, bu dəyişikliklər təkcə qeyri-formal məşğulluğun azaldılmasına deyil, gələcəkdə pensiyaya çıxacaq şəxlərin sosial təminatına da müsbət təsir göstərcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.