Qarabağ regionunun iqtisadi inkişafı

Rəşadətli ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra digər regionların inkişafı kimi, Qarabağ regionun da iqtisadi inkişafı və məcburi köçkünlərin həmin əraziyə qaytarılması, onların işlə təmin olunması ölkəmizin qarşısında duran önəmli vəzifələrdən birinə çevrilmişdir. Ölkə başçısının dəfələrdə qeyd etdiyi kimi, Qarabağ regionunda “yaşıl enerjinin” tətbiq edilməsi Energetika Nazirliyinin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi Ukraniyanın İnşaat Mühəndisliyi və Texniki Təminatlar İnstitutu və professor Kat Zembakh və tərəfdaşları adlı Ukraniyalı mühəndislik şirkəti ilə birgə Baku Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Qarabağın bərpa, yenidənqurma və inkişaf sərgisində öz stendi ilə iştirak etmişdir.
Qarabağ regionunda “yaşıl enerjinin” tətbiqi ilə əlaqədar ölkə başçısının verdiyi tapşırıq və tövsiyyələrə əsasən Energetika naziri cənab Pərviz Şahbazov geotermal enerji və digər alternativ enerji mənbələrinin tətbiqi üçün Ukraynalı tərəfdaşların təklifini dinləmiş və Energetika Nazirliyi yanında Bərpa olunan enerji mənbələri Agentliyinin rəhbəri Təbriz Ammayevə geotermal enerjinin Qarabağ və ölkəmizin digər regionlarında istifadəsi üçün kompleks işlərin həyata keçirilməsi tapşırılmışdır.
Bununla bağlı Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzinin direktoru Qarabağ regionunda elmi-tədqiqat işlərinin daha da effektiv və uğurlu aparılması məqsədilə AMEA-nın Geologiya və Geofizika institutu ilə əməkdaşlıq etmək üçün İnstitutun rəhbəri akademik Akif Əlizadə ilə görüşüb bu istiqamətdə müzakirələr aparmışdır.
Görüş zamanı Qarabağ bölgəsində geotermal enerjinin yaradılması məqsədi və əvvəli illərin mövcud geoloji, hidroloji, tektonik və topoqrofik xəritələri, tədqiqatları, həmçinin sözügedən regionda mövcud və ehtimal olunan dərin qazma və quyular, onların hazırki və əvvəlki illərdə hansı məqsədlər üçün istifadə edildiyi barədə məlumatlar, Qarabağ ərazisində mövud olan quyulara suyun daxil olması, çıxarılan və səthə püskürən termal suyun temperaturu, kimyəvi tərkibi və digər araşdırılmış məlumatların əldə edilməsi müzakirə edilmişdir.
Akademik A.Əlizadənin bildirdiyinə görə, İnstitutda bu istiqamətdə müəyyən ilkin məlumatlar var və tərəfdaşlıq nəticəsində bu istiqamətdə elmi tədqiqat işlərinin aparılması üçün ilkin razılıq əldə olunmuşdur. İnanırıq ki, növbəti ildə bu məsələ üzərində işlər aparılması gücləndiriləcək və Qarabağımızda ölkə başçısının verdiyi tövsiyyələrə əsasən “yaşıl enerjinin” tətbiqində məhz geotermal enerji mühüm yer tutacaqdır.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.