Qarabağ müharibəsi əlillərinə dövlət dəstəyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi iştirakçılarına sosial yönümlü layihələri davam etməkdədir. Növbəti sosial yönümlü layihələrdən biri də 1997-ci ilin avqustun 2-nə qədər Azərbaycan Respublikasının müdafiəsi zamanı, xidməti vəzifələrini yerinə yetirərək əlil olanlara və vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanmasıdır.

Bununla əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti agentliyinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyyasının vəzifəli şəxsləri ilə görüşmüş, əlilləri maarifləndirmək üçün müraciət qaydalarına aydınlıq gətirmişdir.

İlk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb.

Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.

Eyni zamanda birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.

Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.

Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər:

– birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

– şəxsiyyət vəsiqəsi;

– əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).

Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə

• Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək;

• Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.

• Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:

– birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

– birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;

– vərəsəlik hüququ haqqında şəhadətnamə;

– vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;

– vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:

I dərəcə əlilliyə görə – 8 800 manat

II dərəcə əlilliyə görə – 6 600 manat

III dərəcə əlilliyə görə – 4 400 manat

Bu mövzuda sualları yaranan şəxslər 142 – Çağrı Mərkəzinə, nazirliyin, DOST Agentliyi və DSMF-nin rəsmi saytına, sosial şəbəkə hesablarındakı mesaj bölməsinə, həmçinin [email protected] e-ünvanına və ya poçt vasitəsilə müraciət edə bilərlər.

Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada müavinət təyin olunaraq ümumilikdə 66,5 milyon manatadək vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Hesablarına vəsait köçürülmüş Birinci Qarabağ müharibəsi əlillərinin bir qismi bu gün də onlara təyin edilmiş ödənişləri əldə ediblər.

Onlar birdəfəlik ödəmələrin verilməsinin Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu vurğulayıblar, ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildiriblər.

Eləcə də, sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib və yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək. Bu barədə hər birinə SMS göndəriləcək.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

Əlavə etmək istərdim ki, vərəsəliyin təyin edilməsi zamanı vəfat etmiş şəxsin sosial.gov.az saytında vəfat eməsi təsdiqlənməyibsə həmin şəxslər DOST xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin yerli bölmələrimə müraciət edərək o problemi aradan qaldırdıqdan sonra vərəsəlik hüququ almaq üçün müraciət edə bilərlər.

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.