Qələbəmiz Azərbaycan tarixində əbədi qalacaqdır!

12 iyul 2020-ci il tarixdə Azərbaycan xalqı on iki şəhid verdi. On iki parça
vətən daşı düşdü, həmin on iki parça hamımızın canından getdi, canımızı yandırdı.
General- mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10 hərbiçimiz
Qaraqaya yüksəkliyində qəhrəmancasına həlak oldu. Bütün milləti kədərə boğdu.
Hər kəs şəhidlərimiz üçün ayağa qalxdı. Hər gün minlərlə gənc könüllü sırasına
yazılıb ədalət uğruna, vətən uğruna döyüşə hazır olduğunu bildirdi.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində
başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış
məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80
nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli
əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq
cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat
sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri
Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Fizuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni
silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış
məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş
ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı
qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657
nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa
yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini
abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına
rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr)
türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar
kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının
üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Vətən müharibəsinin
gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli,
İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr
tarixində işğaldan azad edilmişdir.
Vətən həsrətinə son qoyuldu. 17 oktyabr nəinki füzulililərin xatirəsində,
Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına
qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan
getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır
döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb
etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas
xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli
şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər
də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım
olacaq. Mümkünsüzü mümkün etdi Azərbaycan Ordusu.
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on
minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən
bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə
tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu
əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında
qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son
mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın
bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata
malik olan bir ordudur.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis
edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin
azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham
Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa
avtomobil yolunun – Zəfər yolunun təməli qoyulmuşdur.
Qələbəmiz ən şanlı, ən ədalətli qələbədir. Hansı ki, Azərbaycan xalqının
əzəli və tarixi yurdları təxminən 30 ildən sonra azad edildi, uzunillik Vətən
həsrətinə son qoyuldu. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi
Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın
gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq
xoşbəxtdir.


Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.