Plastik tullantı böhranının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Ətraf mühit təşkilatının hesabatına görə, plastiklərin yaratdığı ətraf mühitin çirklənməsi indi məcburi beynəlxalq razılaşma tələb edən aktual məsələdir.

Ətraf mühitə qarşı cinayətləri araşdıran Ətraf Mühitin Tətqiqat Agentliyi (EIA) plastik çirklənmənin demək olar ki, iqlim dəyişikliyinə bərabər təhlükə törətdiyini iddia edir və Birləşmiş Millətlər Təşkilatının (BMT) buna qarşı “möhkəm” bir razılaşma əldə etməli olduğunu vurğulayır.

Agentliyin məlumatına görə, plastiklərin vurduğu zərəri göstərən çoxlu sübutlar var.

İndi nəfəs aldığımız havada mikro plastik hissəciklər var, Arktikada qarda plastik var, plastik torpaqda və yediyimiz qidalarda var.Qurumun hazırladığı hesabatda Taylandda 20-yə yaxın filin zibillikdən çıxan plastik tullantıları yedikdən sonra öldüyü izah edilir.

Hesabat müəllifləri bildirirlər ki, plastikin həm istehsalını, həm də israfını məhdudlaşdırmaq üçün beynəlxalq müqavilə bağlanmalıdır.

Bu çirklənmə dalğası nəzarətsiz qalmağa davam edərsə, 2040-cı ilə qədər dəniz plastikləri okeandakı bütün balıqların ümumi çəkisini keçə bilər.

BMT ölüm-dirim problemi olan üç ekoloji problemi müəyyən edib və onların birlikdə həll edilməli olduğunu bəyan edib. Bu üç problem iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsidir.Bioloji müxtəlifliyin qorunması və iqlim sazişləri karbon qazı emissiyalarının dayandırılması və ətraf mühitin qorunması üçün çox iş görməsə də, təxminən 30 ildir ki, mövcuddur.

Bəzi ölkələr yalnız son illərdə plastik tullantılara dair razılaşma ideyasına qarşı çıxıblar.Bununla belə, yüzdən çox ölkənin, o cümlədən Böyük Britaniyanın BMT-nin fevral və mart aylarında keçiriləcək ekologiya sessiyasında saziş təklif etməyə hazır olduğu bildirilir.

Belə bir razılaşmaya birbaşa müxalifətin azalmağa başladığı bildirilir, lakin müqavilənin qaydaları və onun hüquqi cəhətdən məcburi olub-olmaması ilə bağlı fikir ayrılığı var.ABŞ prezidenti Co Bayden sələfi prezident Donald Trampın qarşı çıxdığı qlobal saziş ideyasını dəstəkləyir. Lakin plastiklərin əksəriyyəti neft və qazdan hazırlandığından və Birləşmiş Ştatlar neft və qaz istehsalçısı olduğundan onun Konqresdən dəstək alıb-almayacağı bəlli deyil.

Yaponiyanın razılaşmanın çox iddialı olmasının qarşısını almağa çalışdığı deyilir. Ərəb körfəzi ölkələri və Çin indiyədək sakit olub. Adambaşına ən çox tullantı istehsal edən ölkələrin ABŞ və Böyük Britaniya olduğu bildirilsə də, ən çox yeni plastik istehsal edən ölkə Çindir.

EIA hesabatını açıqlayan Gammage, “Plastik çirklənmənin görünməsi ictimaiyyəti çox narahat edir, lakin onun təsirlərinin böyük əksəriyyəti görünməzdir” dedi.

Yeni plastiklərin həddindən artıq istehsalının verdiyi zərərdən geriyə dönüş olmadığını ifadə edən Gammage bunun bəşəriyyəti təhdid etdiyini və az qala iqlim dəyişikliyi qədər böyük bir problemə çevrildiyini bildirib.

Plimut Universitetinin plastik eksperti, professor Riçard Tompson BBC-yə deyib ki, Birləşmiş Millətlər Təşkilatının razılaşması plastiklərin istehsalı və istifadəsi dövrünün təhlilinə diqqət yetirməlidir.

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.