Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib. A.Əliyev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini gənclərin peşəyönümü tədbirləri ilə əhatə olunması üçün həyata keçirilən dəstək tədbirlərini qeyd edib. Həmçinin işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb. Növbəti Peşələr Festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb. Ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbirin gənclər arasında böyük marağa səbəb olduğu qeyd edilib.
Digər çıxış edənlər Festivalın əhəmiyyətindən bəhs edib, məktəblilərin, tələbələrin, ümumilikdə gənclərin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndiriblər. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Bu dəfə də ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.
Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək. Növbəti festival 30 oktyabr 2023-cü il tarixində İsmayıllı rayonunda keçiriləcək.