Peşələr Festivalı Bakıda başa çatdı

Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı, Sumqayıt şəhərlərini əhatə edən Festivala 50 mindən çox şəxs qatılıb

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, rektorlar və b. iştirak edib.

Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar.

 Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.