Özünəməxsus təbiəti ilə gözoxşayan Zəngilanın azad olunmasının ildönümüdür

Zəngilan şəhərinin düşmən işğalından azad olunmasından bir il ötür.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay.

Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır.

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Bu gün Zəngilanın işğaldan azad olunmasından bir il ötür. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Ümumiyyətlə, özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları ilə məhşur Zəngilanda işğal dövründəki 30 ilə yaxın müddətdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəyib.

Şanlı qələbədən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyyələinə əsasən işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilanda da bərpa-quruculuq işlərinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonuna səfər edərək rayonda yenidənqurma, bərpa işlərinin gedişi ilə tanış oldular, ictimaiyyət nümayəndələri ilə görüşdülər.

Dövlət başçısı və Birinci vitse-prezident əvvəlcə rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, eləcə də Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonun¬da yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular. Onlar, eyni zamanda, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiya¬sının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılı¬şında iştirak etdilər. Bu səfər, eləcə də Prezidentin bundan əvvəlki səfərləri erməni işğalından azad edilmiş rayonla¬rımızda qısa müddət ərzində nə qədər böyük işlərin görüldüyünü göstərir.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.