Azərbaycan memarlıq abidələrində ornament sənətinin geniş yayılması və onların səthlərinin xalçaya oxşaması bu iki sənəti estetik və funksional cəhətdən bir-birinə yaxınlaşdırdı. Memarlıq elementləri xalçalar, xalça ornament- ləri isə memarlıqda öz əksini tapırdı.İki sənət arasında əlaqələrin yaranması incəsənətin bir növünün digəri üçün materiala çevrilməsinə səbəb olurdu.
Memarlıq abidələri üzərində bəzək xarakterli bir çox ornament motivi var ki, bunlar da uzaq keçmişdə rəmzi (simvolik) məna kəsb edib,xalqın həyatında xüsusi rol oynayıbdır. Memarlıq abidələrimiz üzərində rast gəlinən həndəsi ornamentlər quru, statik üsulda, özü də əksər hallarda o biri bəzək növləri ilə az əlaqədə işlənmiş olsa da, orijinallığı və bədii obrazlığı ilə həmişə incəsənətimizin və o cümlədən də dekorativ sənətin ayrılmaz tərkib hissəsi olub. Sadə həndəsi İslamiyyətdən öncə çox işlənirdisə, islamiyyət dövrü memarlıq abidələrinin bədii tərtibatında mürəkkəb həndəsi ornamentlər daha geniş yayılmışdır. Bunların bir neçə nümunəsi Naxçıvan MR-in ərazisində bu günümüzə qədər qalmaqdadır.Yusif Küseyir oğlu türbəsi (1162), Möminə Xatun türbəsi (1186), Gülüstan türbəsi (XIIIəsr) buna misaldır. Həndəsi ornamentlərlə yanaşı nəbati ornamentlər də Azərbaycan memarlıq abidələri üzərində geniş yayılmışdır.Bitki ornamentlərinin memarlıq abidələrində tətbiq olunması və inkişafı Atropatenlərin, Arar-Albanların, qədim türkdilli xalqların kökündə iştirak edən qəbilə birləşmələrinin mifik dünya görünüşü ilə bağlıdır.
Həlimə Əliyeva