Ombudsman sosial xidmət müəssisəsindəki repatriantları və Peşə-əmək Reabilitasiyası Mərkəzini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilən repatriantları ziyarət edib.

 Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Azərbaycan Hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan ölkəmizə repatriasiya edilmiş qadın və uşaqlardan ibarət daha 7 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsində zəruri qayğı xidmətləri ilə təmin olunur. Onların sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi də aparılır. Nəticəsinə uyğun olaraq hər bir repatriant şəxslə bağlı sosial-reabilitasiya yönümlü fərdi inkişaf planları həyata keçiriləcək və həmin şəxslər öz mənşə ailələrinə verildikdən sonra da davam etdiriləcək.

 

S.Əliyeva daha sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzini ziyarət edib.

 

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Mərkəzin fəaliyyət istiqamətləri barədə Ombudsmana məlumat verib. Bildirilib ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada kompyuter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

 

Ombudsman Boccia üzrə milli komandamızın üzvlərinin təlim-məşq prosesi keçmələri üçün yaradılan şəraitlə də tanış olub. Boccia İdman Federasiyasının göndərişi əsasında Agentliyin bu mərkəzində Boccia üzrə milli komandamızın tərkibində çıxış edən idmançılarımızın məşq etmələri üçün hər cür şərait yaradılıb.

 

Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinin Xaçmaz rayonunda filialının, eləcə də Agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılacağı da qeyd edilib. Həmin kabinetlərdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə 20-dək terapiya  (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s.) növü vasitəsilə iş aparılacağı diqqətə çatdırılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.