Aydınlatıcı, satirist, publisist. Molla Nəsrəddin jurnalının qurucusu və naşiri (1905-cı ildən 1917-cü ilədək) – Ömər Faiq Nemanzadə (1872-1937). Türk xalqlarının milli şəxsiyyət, sosial formalaşma və mədəniyyət prosesləri üçün parlaq və başa düşülən bir katalizator idi. Onun narahatlığı və durğunluğun səbəbləri və sosial həyatın inkişafı hələ də böyük maraq doğurur.
Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış görkəmli şəxsiyyət.
Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: “Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm” deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, “Fateh” məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan “Darüş-şəfəq” məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur.
İlk kitablardan birini Ömər Faiq özü yazmış və 1905-ci il 2 aprel tarixində senzor komitəsində onun çapına icazə də almışdır. Bu əsər “Dəvəti-nəşri-asarə” adlansa da, ümumiyyətlə, ölkədə baş verən ictimai-siyasi hadisələrin təsiri altında yazılmışdır. Ömər Faiqin publisistik fəaliyyəti təkcə əməkdaşı olduğu “Şərqi-rus” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə məhdudlaşmırdı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez tez görünürdü. Ömər Faiqin publisistik fəaliyyətindəki əsas mənəvi-etik prinsiplərindən biri də vətənpərvərlik idi, vətənə, xalqa bağlılıq, xalqın mənəvi sərvətlərinə qayğılı münasibət idi. Ömər Faiq milləti sevməyin birinci əlamətini onun dilini sevməkdə görürdü, buna görə də milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Ömər Faiq siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. O, bir çox siyasi toqquşmalarda şəxsən iştirak edir, siyasi təbliğat aparırdı.
Həlimə Əliyeva