Gənclər və idman naziri Fərid Qayıbov sentyabr-oktyabr ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.
Tədbirin əvvəlində F.Qayıbov nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına və idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəsislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Sonra Azərbaycan təmsilçilərinin beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
İdmançıları salamlayan nazir onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb: “Sevindirici haldır ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı günbəgün artmaqdadır”.
Sumo, atıcılıq, karate, MMA, para-pauerliftinq, boks, taekvondo, kikboksinq, cüdo, qrapplinq, mas-reslinq, kəmər güləşi, uşu-sanda, stolüstü tennis, şahmat, qol güləşi, para-taekvondo, güləş, ağırlıqqaldırma və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.