Mövcud narkotik maddələr insan həyatı və sağlamlığı üçün son dərəcə zərərli olub, orqanizmdə müxtəlif təhlükəli xəstəliklərin yaranmasına və vaxtsız ölümə səbəb olmaqla yanaşı, onların insanlar tərəfindən qəbul edilməsi müxtəlif ağır cinayətlərə səbəb olur. Narkotik vasitələrə neyrotrop dərmanlar, həmçinin narkomaniyaya səbəb olan kimyəvi birləşmələr və bioloji məhsullar aiddir.
Alkoloidlər qrupuna aid olan narkotik maddələr qısa müddət ərzində qana keçir və öz təsirini göstərir (dərialtına vurulmuş maddələr 10-15 dəqiqədən sonra, daxilə qəbul edilmiş maddələr isə 20-30 dəqiqədən sonra). Bu həmin maddələrin tənəffüs mərkəzinə bilavasitə toksiki təsiri ilə əlaqədardır. Zəhərlənmənin ilkin mərhələsi üçün şəxsin gicəllənmiş vəziyyətdə olması, huşun dumanlanması, qusma, kəskin sianoz, təngnəfəslik və mioz səciyyəvidir. Sonra huşun tam itirilməsi və reflekslərin itməsi baş verir. Ölüm dərin koma fonunda tənəffüs mərkəzinin iflicindən baş verir. Daxilə qəbul edilmiş tiryəkin ölümcül dozası 2-5 qr-dır.
Narkomanlarda orqanizmin narkotiklərə qarşı dözümü (tolerantlığı) artdığı üçün, tiryək alkaloidlərinin ölümcül dozasının miqdarı 100 dəfədən də çox artır və məsələn, morfin üçün 5-10 qrama çatır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti