Müzəffər Ali Baş Komandanın Müharibə veteranlarına diqqəti danılmazdır

“Vetennamine.az” saytının müxbiri Həlimə Əliyevanın müsahibi, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Rauf Mehtiyev olmuşdur. Müsahib, Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışıb.

Rauf Mehtiyev bildirib ki,  Vətən Müharibəsində Azərbaycanın təcavüzkar Ermənistan üzərində parlaq qələbə qazanması onun dünyada nüfuzunun artmasına böyük təsir göstərdi. Beynəlxalq arenada Azərbaycanla hesablamağa başladılar. Təbii ki, qələbənin memarı Azərbaycan xalqı idisə, onu gerçəkləşdirən və vətəni qələbəyə aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin çevik diplomatiyası, uzaqgörən siyasəti və bir də onun əmrlərini yerinə yetirən qalib Azərbaycan Ordusu idi. Düzgün hesablama, taktiki gedişlər və beynəlxalq diplomatiyada aparılan uğurlu siyasət bizim qələbəmizi sürətləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük vətən müharibəsində xarici mətbuatda verdiyi müsahibələrlə düşmənin işğalçılıq siyasətini, ölkəmizə qarşı olan ikili standartları incə və açıq şəkildə ifşa edirdi. Bu xalqımızda qələbəyə böyük inam yaradırdı, həm də ordumuza mənəvi-psixoloji ruh verirdi. Xalq və dövlət tandemi Vətən Müharibəsinin qələbə mayakı oldu.

Qələbədən sonra da kompleks tədbirləri davam etdirilir. İşğaldan azad olunan torpaqlarımızda böyük quruculuq və abadlıq işləri aparılır. Həmçinin, vətən oğulları diqqətdən kənarda qalmırlar. Onların sosial və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır. İstər vətən müharibəsinin qaziləri, istərsə də birinci Qarabağ müharibəsində qazi olmuş şəxslər daim Prezident İlham Əliyevin qayğısı və diqqəti mərkəzindədir. Prezidentin 23.dekabr 2021–ci il tarixində imzaladığı fərman bu prosesin tərkib hissəsidir. Beləki cənab Prezident imzaladığı fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə I dərəcə əlilliyə görə – 8800 manat, II dərəcə əlilliyə görə – 6600 manat, III dərəcə əlilliyə görə – 4400 manat, məbləğlərdə birdəfəlik ödəmə veriləcək.

Bundan başqa cənab Prezidentin müvafiq fərmanına əsasən “Vətən müharibəsində iştirak edən şəxslər “Müharibə veteranı” adı və vəsiqəsini alandan sonra aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilərək gələn ilin yanvar ayının 1-dən ödəniş almaq üçün heç bir quruma müraciət etmədən bank kartları vasitəsilə hər ay Prezidentin aylıq təqaüdünü (80 manat) ala biləcəklər.

Bu fərman dövlətimizin Vətən qarşısında xidmətləri olan şəxslərin heç bir zaman unudulmadığını və diqqətdə kənarda qalmadığını bir daha sübut etdi. Hələ bundan sonra qazilərimizlə bağlı belə fərmanların şahidi olacağıq. Atılan addımlar dövlətimizin daxili və xarici həmrəyliyini gücləndirir.

Biz vətəndaşlar da çalışmalıyıq ki, qələbəmizi, birlik və həmrəyliyimizi daha da möhkəmləndirək. Azərbaycanın qələbəsində bir çox amillər ciddi rol oynayıb. Xalqın birlik və həmrəyliyini bu mənada xüsusi qeyd etmək lazımdır. Həmrəylik qələbəyə gedən yolda bizə böyük dəstək oldu. Təxribatlar davam etdiyi üçün müharibə bitsə də, bizim mübarizəmiz də davam edir. Çünki təxribatların qarşısını almalı və informasiya müharibəsində də hər zaman qələbə çalmalıyıq. İnanırıq ki, bu hədəf və məqsədlərə də tez bir zamanda nail olmağa müvəffəq olacağıq. Azərbaycan bunun üçün lazım olan bütün addımları atır, hər zaman da atacaq. Burada, əlbəttə ki, həm dövlətin, həm də media və QHT-lərin üzərinə, hətta sıravi vətəndaşların üzərinə də böyük məsuliyyət düşür. Biz daha ayıq-sayıq olmalıyıq ki, xüsusilə də xaricdən törədilən təxribatların qarsını ala bilək. Xalq olaraq bütün gücümüzlə çalışsaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşımıza qoyulan bütün hədəflərə tezliklə nail olarıq.

Mən də öz növbəmdə, I Qarabağ Müharibəsi qazisinin övladı olaraq Cənab Prezident, Müzəffər Ali Baş Konamdana, bizə yaşatdığı sevincə, qələbəyə və bu kateqoriyadan olan ailələrə xüsusi diqqət və qayğısına görə təşəkkürümü bildirir, onu “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn “Yeni il” münasibətilə ürəkdən təbrik edirəm. Biz gənclər də daim Cənab Prezidentin ətrafında sıx birləşərək çiçəklənən Azərbaycanımızın inkişafında əlimizdən gələni edəcəyik.

 

Hazırladı

Həlimə Əliyeva

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.