Müzəffər Ali Baş Komandan-Doğum gününüz mübarək

Bu gün, 24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının 60 yaşı tamam olur. Müzəffər Ordunun Ali Baş Komandanına 60 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında tədbir keçirilmişdir. Tədbirdə AzQMƏVŞAİB-in idarə heyəti Bakı şəhərində yerləşən rayonların filial sədrləri və fəal üzvlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə AzQMƏVŞAİB-in idarə heyətinin sədri Mehdi Mehdiyev açmışdır. O çıxışında prezidentin fəaliyyəti barəsində, o cümlədən də 2003-cü ildən hakimiyyətə gəldiyi gündən bu günə kimi əldə etdiyi nailiyyətlərdən tədbir iştirakçılarına məlumat vermişdir. Tədbir iştirakçıları çıxışlarında Müzəffər Ali Baş Komandanın fəaliyyətindən və o cümlədən türk dünyasına bəxş etdiyi bu qələbə sevincindən danışmışlar. Tədbirin sonunda tədbir iştirakçıları Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev cənablarının 60 illiyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Ali Baş Komandana müraciət qəbul etmişlər.

MÜRACİƏT

Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı

Zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin

MÜRACİƏTİ

Zati-aliləri!

Möhtərəm cənab Prezident!

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin 80 000 nəfərlik üzvü adından Sizi səmimi qəlbdən salamlayır, 60 illik yubileyiniz, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, vətənimiz Azərbaycanın çiçəklənməsi, qüdrətinin daha da artırılması və cənubi Qafqaz regionunda sülhün bərpa olması istiqamətində fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Cənab Ali Baş Komandan!

Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və biz hər birimiz Sizin rəhbərliyiniz altında Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət etməkdən böyük qürur duyuruq.

Sizin, təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş Silahlı Qüvvələrin yeni müstəvidə inkişafını davam etdirməyiniz nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilərək öz ərazi bütövlüyünü bərpa etməklə Birləşmiş Millətlər Təşkilatının Qarabağla bağlı 30 ilə yaxın həllini tapa bilməyən dörd qətnaməsini həyata keçirmişdir.

Azərbaycan xalqı və Türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, Ulu öndər Heydər Əliyevin davamçısı kimi Azərbaycan dövlətini və xalqını işğal zülmündən azad edib, Silahlı Qüvvələrimizin köməyi ilə Azərbaycan xalqını dünyada zəfər çalan xalq kimi tanıtdınız. Uzun illərdir ki, Azərbaycan xalqı ermənilərin soyqırımına məruz qalmış, bir milyona yaxın soydaşımız qaçqın-köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur.

Uğurla həyata keçirdiyiniz siyasətiniz və insan amilini çox yüksək qiymətləndirməyiniz  sayəsində torpaqlarımız  düşmən işğalından azad olundu və bütün Türk dünyasına sevinc bəxş etdiniz.

Sizin uzaqgörən siyasətiniz nəticəsində inanırıq ki, yaxın zamanda Zəngəzur dəhlizi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru yol ilə əlaqəni bərpa edərək Türk birliyi dövlətlərinin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Möhtərəm cənab Prezident!

Əsası Ümummilli liderimiz tərəfindən qoyulan, Sizin də yeni müstəvidə davam etdirdiyiniz sosial siyasət, imzaladığınız fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərinizə görə də hər zaman Sizə minnətdarıq.

Müzəffər Ali Baş Komandan!

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxminli üzvləri adından Sizə bir daha sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir və Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyinizə görə öz minnətdarlığımızı bildiririk.

Biz Ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqik və Sizin əmrlərinizə müntəzir, əqidəsindən dönməyən əsgərlərinizik.

Yaşasın rəşadətli ordumuz!

Yaşasın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!

Doğum gününüz mübarək!

 

 

 

Səmimi hörmət və ehtiramla,

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin

sədri                                             Mehdi Mehdiyev

Aris Qismətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.