Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcəkdir.
Vətən Naminə Mətbuat Xidməti